Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlıqdan ortaq gələcəyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yeni mərhələsini, qarşılıqlı etimad və strateji tərəfdaşlığın artan əhəmiyyətini bir daha nümayiş etdirdi.
Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tam hüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regiondakı rolunun və nüfuzunun göstəricisi olmaqla yanaşı, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında tarixi, siyasi, iqtisadi və mədəni bağların daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Xüsusilə Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyəsini qeyd edən dövlətimizin başçısı Füzuli şəhərində məscidin tikintisini iki qardaş xalq arasında dostluğun və mənəvi yaxınlığın rəmzi kimi dəyərləndirib.
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında göstərdiyi qardaş dəstəyi də çıxışda xüsusi yer tutub. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi Azərbaycanla qardaş ölkələr arasındakı həmrəyliyin və qarşılıqlı dəstəyin parlaq nümunəsidir.
Bu əməkdaşlıq yalnız siyasi və humanitar sahələrlə məhdudlaşmır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələr də sürətlə genişlənir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi əlaqələrin real nəticələrini nümayiş etdirir.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması isə əməkdaşlığın yeni iqtisadi modelə keçdiyini göstərir. Birgə investisiyaların artırılması, yeni istehsal müəssisələrinin yaradılması və məhsulların beynəlxalq bazarlara çıxarılması gələcəkdə region ölkələrinin iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan verəcək.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat və tranzit imkanları da mühüm yer tutub. Xəzər dənizinin Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrində artan rolu, Bakı limanı, dəmir və avtomobil yolları, hava limanları və digər infrastruktur layihələri ölkəmizin regional nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da artırır.
Bu baxımdan Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycanı Mərkəzi Asiya və daha geniş beynəlxalq bazarlarla birləşdirən bu marşrut həm regional iqtisadi əlaqələrin, həm də Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafına mühüm töhfə verir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı isə əməkdaşlığın rəqəmsal istiqamətini gücləndirir.
Energetika sahəsində də Azərbaycan mühüm tranzit və tərəfdaş ölkə kimi çıxış edir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına nəqli, eləcə də Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji və “yaşıl enerji dəhlizi” istiqamətində həyata keçirilən layihələr regionun enerji potensialının daha geniş coğrafiyaya çıxarılmasına xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq artıq ayrı-ayrı sahələr üzrə münasibətlər çərçivəsindən çıxaraq vahid strateji tərəfdaşlıq məkanının formalaşmasına doğru inkişaf edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Məhz bu prinsiplər əsasında qurulan qarşılıqlı etimad və həmrəylik Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Türkmənbaşı görüşü bir daha təsdiqlədi ki, Azərbaycan yalnız regionlararası nəqliyyat və enerji layihələrinin mühüm iştirakçısı deyil, həm də Mərkəzi Asiya ilə Avropa arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafında fəal və etibarlı tərəfdaşdır.
Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin ortaq tarixi, milli-mənəvi dəyərləri və qarşılıqlı maraqları gələcək əməkdaşlığın daha böyük uğurlara yol açacağına möhkəm əsas verir.
Aytən İmanova ,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru


