AnalitikaGündəmSiyasət

Xəzərdən keçən yol: Orta Dəhlizin regional əhəmiyyəti artır

Dünya ticarət yollarında baş verən dəyişikliklər nəqliyyat marşrutlarının əhəmiyyətini yenidən gündəmə gətirib. Bu prosesdə Mərkəzi Asiya ilə Azərbaycan arasında Xəzər dənizi üzərindən formalaşan bağlantılar xüsusi yer tutur. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyev nəqliyyat və logistikanı Azərbaycanla Mərkəzi Asiya arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri kimi təqdim edib.

Prezidentin çıxışında Xəzər dənizinin region dövlətlərinin nəqliyyat əlaqələrində getdikcə daha böyük rol oynadığı qeyd olunub. Xəzərin hər iki sahilində yerləşən nəqliyyat infrastrukturu Mərkəzi Asiyanın Azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxışını təmin edən əsas bağlantılardan biri kimi xarakterizə edilib.

Bu mənzərədə Azərbaycan üçün dəniz limanları, dəmir yolları, avtomobil yolları və hava limanlarının inkişafı xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bildirib ki, son illərdə nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırılıb və daşımaların həcminin artması müşahidə olunur. Qarşıya qoyulan əsas vəzifələrdən biri mövcud marşrutların daha səmərəli və rəqabətqabiliyyətli fəaliyyət göstərməsini təmin etməkdir.

Bu kontekstdə Orta Dəhliz ayrıca əhəmiyyət kəsb edir. Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə digər istiqamətlərə uzanan nəqliyyat bağlantısı Şərq-Qərb ticarət xəttinin mühüm elementlərindən birinə çevrilir. Prezident İlham Əliyev çıxışında Orta Dəhliz üzrə tranzit daşımalarının artdığını bildirib. Onun sözlərinə görə, ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə daha 20 faizə yaxın artıb.

Nəqliyyatın inkişafı artıq yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Prezident çıxışında “Rəqəmsal İpək Yolu” layihəsinə və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində aparılan işlərə də toxunub. Bu, regionun həm yük, həm də məlumat axınlarının əsas qovşaqlarından birinə çevrilməsi baxımından diqqət çəkən istiqamətdir.

Nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin artırılması üçün yalnız yol və limanların mövcudluğu kifayət etmir. Sərhəd-keçid prosedurlarının sürətləndirilməsi, rəqəmsal həllərin tətbiqi, gömrük sistemlərinin uyğunlaşdırılması və müxtəlif ölkələrin nəqliyyat infrastrukturlarının koordinasiyası da mühüm amillərdir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə bu sahədə əməkdaşlığı həm iqtisadi, həm də regional bağlantılar baxımından yeni imkanlar yaradır. Yüklərin daha sürətli və səmərəli daşınması istehsalçıların yeni bazarlara çıxışını asanlaşdıra, tranzit imkanlarından əldə olunan gəlirləri artıra bilər.

Türkmənbaşı görüşündə nəqliyyat məsələsinin ön plana çıxarılması təsadüfi deyil. Xəzər hövzəsi burada yalnız coğrafi maneə deyil, əksinə, iki regionu birləşdirən mühüm bağlantı məkanı kimi çıxış edir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşıdakı mərhələdə əsas məqsədlərindən biri bu bağlantının imkanlarından daha səmərəli istifadə etməkdir.

 

Leyla Qulamova,
Xəzər rayonunun gənc fəalı,
Bakı Dövlət Universitetnin tələbəsi

 

Oxşar Xəbərlər

Back to top button