AnalitikaGündəmSiyasət

Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ: sülh, təhlükəsizlik və regional reallıqlar

Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə müşahidə olunan dəyişikliklər Cənubi Qafqazda yeni siyasi reallığın formalaşdığını göstərir. Uzunmüddətli hərbi qarşıdurmadan sonra sərhədlərdə sabitliyin yaranması, siyasi təmasların intensivləşməsi, sülh sazişi üzrə prosesin irəliləməsi və iqtisadi əlaqələrin tədricən bərpası regionda münasibətlərin yeni məcraya keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses yalnız iki dövlət arasındakı münasibətlərin normallaşdırılması deyil, bütövlükdə regional təhlükəsizlik arxitekturasının yenidən formalaşması kontekstində nəzərdən keçirilməlidir.

 

Azərbaycan üçün sülhün əhəmiyyəti, ilk növbədə, uzun illər davam etmiş münaqişənin yaratdığı humanitar, siyasi və təhlükəsizlik nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Bununla yanaşı, tarixi təcrübə göstərir ki, siyasi münasibətlərdə yaranan müvəqqəti yaxınlaşma təhlükəsizlik təminatlarının əhəmiyyətini aradan qaldırmır. Əksinə, keçmişdə etimad mühitinin pozulması və qarşıdurmanın yenidən meydana çıxması Azərbaycan üçün təhlükəsizlik məsələsinə daha realist yanaşmanı zəruri etmişdir. Bu səbəbdən sülh siyasəti ilə müdafiə qabiliyyətinin gücləndirilməsi bir-birinə zidd deyil, bir-birini tamamlayan istiqamətlər kimi qiymətləndirilməlidir.

 

Müasir beynəlxalq sistemdə baş verən proseslər də bu yanaşmanı aktuallaşdırır. Azərbaycanın yerləşdiyi geosiyasi məkan həm Şimal, həm Cənub, həm də Yaxın Şərq istiqamətində müxtəlif təhlükəsizlik çağırışlarının təsiri altındadır. Müharibələrin və silahlı qarşıdurmaların genişlənməsi, beynəlxalq təşkilatların münaqişələrin qarşısının alınmasında effektivliyinin mübahisələndirilməsi və beynəlxalq hüquq normalarının müxtəlif hallarda selektiv tətbiqi dövlətlərin milli təhlükəsizlik imkanlarına daha çox diqqət yetirməsinə səbəb olur.

 

Belə şəraitdə Azərbaycan üçün əsas vəzifə sülh prosesindən imtina etmək deyil, əksinə, sülhü uzunmüddətli və dayanıqlı etmək üçün adekvat təhlükəsizlik mexanizmləri formalaşdırmaqdır. Regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı təmasların artırılması və etimad mühitinin yaradılması sülhün institusional əsaslarını möhkəmləndirə bilər.

 

Nəticə etibarilə, Azərbaycan-Ermənistan münasibətlərində hazırkı mərhələni “münaqişədən sonrakı dövrdən davamlı sülh mərhələsinə keçid” kimi xarakterizə etmək mümkündür. Lakin bu keçidin uğuru yalnız siyasi razılaşmalardan deyil, həm də regional təhlükəsizlik mühitindən, tərəflərin öhdəliklərinə sadiqliyindən və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasından asılıdır. Azərbaycan baxımından isə sülh və təhlükəsizlik bir-birini istisna edən deyil, eyni strateji məqsədin iki tamamlayıcı istiqamətidir.

Tural Taleh Qasımov,
İctimai elmlər kafedrasının müəllimi

 

Oxşar Xəbərlər

Back to top button