
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda nitq söyləyib. Dövlət başçısının çıxışında Azərbaycanın keçdiyi tarixi yol, əldə etdiyi mühüm siyasi və hərbi nailiyyətlər, yeni geosiyasi reallıqlar və qarşıda duran vəzifələr ətraflı təhlil olunub.
VIII Qurultayın xüsusi əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi mərhələdə keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti və siyasi xətti yalnız ölkəmiz üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır. Otuz ildən artıqdır ki, hakim partiya olan YAP Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvə kimi çıxış edir.
Yeni Azərbaycan Partiyasının yaranması ölkənin ağır siyasi və iqtisadi böhran yaşadığı dövrə təsadüf edib. 1992-ci ildə dövlət idarəçiliyindəki böhran, siyasi qeyri-sabitlik və torpaqlarımızın işğalı Azərbaycanın gələcəyi qarşısında ciddi təhlükələr yaratmışdı. Belə bir şəraitdə xalq sabitliyin və güclü dövlətçiliyin təmin olunmasını zəruri hesab edirdi. YAP-ın yaradılması məhz bu ictimai-siyasi tələbin ifadəsi idi.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və davamlı inkişafın təməli qoyuldu. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın iqtisadi və hərbi potensialının güclənməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və milli maraqların daha effektiv müdafiəsinə imkan yaratdı.
Bu siyasətin məntiqi nəticəsi Azərbaycanın tarixi Zəfəri oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Şuşanın azad olunması ilə müharibənin taleyi həll edildi və Ermənistan kapitulyasiyaya məcbur oldu. 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən mühüm günlərindən birinə çevrildi. 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirləri ilə isə ölkəmizin bütün ərazisində suverenlik təmin edildi və separatizmə son qoyuldu.
Bu Zəfər Azərbaycan xalqının milli iradəsinin, Ordumuzun gücünün və dövlət siyasətinin nəticəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini də dəyişdirdi. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu öz gücü hesabına aradan qaldıraraq yeni reallıqlar formalaşdırdı. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da bu reallığın siyasi nəticələrindən biridir.
Prezident İlham Əliyev çıxışında tarixi yaddaşın qorunmasının vacibliyini də vurğulayıb. Azərbaycanın keçmişdə üzləşdiyi siyasi böhranlar, torpaq itkiləri və dövlət idarəçiliyində yol verilmiş ciddi səhvlər unudulmamalıdır. Bu tarix gənc nəslə çatdırılmalı, Azərbaycanın bugünkü gücünün hansı mürəkkəb mərhələlərdən keçərək formalaşdığı obyektiv şəkildə izah edilməlidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış prosesi davam etdirilir. Qarşıda duran əsas vəzifələr azad edilmiş ərazilərin dayanıqlı inkişafının təmin olunması, ölkənin iqtisadi və müdafiə potensialının daha da gücləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsidir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan mühüm siyasi hadisədir. Qurultay Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində qarşısında duran vəzifələri müəyyənləşdirən siyasi platforma kimi çıxış edir. Dövlət başçısının çıxışı bir daha göstərib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında milli iradə, xalq-iqtidar birliyi, güclü dövlətçilik və ardıcıl siyasi kurs dayanır.
Tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. VIII Qurultay da məhz bu mərhələnin siyasi əhəmiyyətini nümayiş etdirən mühüm hadisə kimi ölkəmizin müasir tarixində öz yerini tutur.
Ramilə Seyidova – YAP Siyəzən rayon təşkilatının sədr müavini



