AnalitikaGündəmSiyasət

VIII Qurultay və Azərbaycanın güclü gələcəyinə baxış

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edərək partiyanın ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərdən və qarşıda duran əsas vəzifələrdən bəhs etmişdir.

Dövlət başçısı qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultaydır. Bu baxımdan qurultay ölkənin yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri və 2023-cü il sentyabrın 20-də suverenliyin tam bərpasını ölkəmizin tarixində mühüm hadisələr kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının birliyi, dövlətin qətiyyətli siyasəti və Silahlı Qüvvələrin gücü nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir. Bu tarixi nailiyyətlər Azərbaycanın yeni geosiyasi reallıqlar yaratmasına imkan vermişdir.

Çıxışda vurğulanmışdır ki, Azərbaycanın bugünkü uğurlarının əsası Yeni Azərbaycan Partiyasının təsis qurultayından və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından başlayır. 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi siyasi, iqtisadi və hərbi böhranın aradan qaldırılması, dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq təcriddən çıxması və iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas nəticələri kimi qeyd olunmuşdur.

Prezident İlham Əliyev bildirmişdir ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də ardıcıl şəkildə davam etdirilir. Bu siyasətin əsas istiqamətlərini müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin edilməsi, güclü hərbi potensialın yaradılması və Azərbaycanın milli maraqlarının qorunması təşkil edir.

Dövlət başçısı Azərbaycanın bu gün beynəlxalq müstəvidə böyük hörmətə malik olduğunu, öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini diqqətə çatdırmışdır. Azərbaycanın müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan əlaqələri genişlənmiş, ölkəmizin beynəlxalq nüfuzu və fəallığı əhəmiyyətli dərəcədə artmışdır.

Çıxışda qarşıda duran əsas vəzifələrdən biri kimi Azərbaycanın hərbi gücünün daha da artırılması göstərilmişdir. Qeyd olunmuşdur ki, regionda və dünyada davam edən münaqişələr fonunda ölkənin təhlükəsizliyinin etibarlı təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan hər zaman istənilən təxribata cavab verməyə hazır olmalı, müdafiə qabiliyyətini daha da gücləndirməlidir.

Prezident İlham Əliyev ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu bildirmişdir. Müasir informasiya və internet imkanlarının genişləndiyi şəraitdə Azərbaycan cəmiyyətinin xarici ideoloji təsirlərdən qorunması, xüsusilə gənclərin düzgün informasiya ilə təmin edilməsi mühüm vəzifə kimi müəyyənləşdirilmişdir. Bu istiqamətdə təhsilin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik tərbiyəsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.

Dövlət başçısı Yeni Azərbaycan Partiyasının üzvlərinin ideoloji işdə fəal iştirak etməli olduğunu, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və inkişaf prosesləri barədə həqiqətlərin cəmiyyətə düzgün və müasir üsullarla çatdırılmasının vacibliyini qeyd etmişdir. Şablon yanaşmalardan uzaqlaşmaq və müasir informasiya imkanlarından daha səmərəli istifadə etmək əsas istiqamətlərdən biri kimi göstərilmişdir.

Xarici siyasət məsələlərinə toxunan Prezident Azərbaycanın heç bir siyasi düşərgəyə qoşulmadan, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və milli maraqlar əsasında əlaqələr qurduğunu bildirmişdir. Azərbaycanın müxtəlif dövlətlərlə, o cümlədən Çin və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı ölkənin beynəlxalq mövqeyinin göstəricisi kimi qeyd olunmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və müxtəlif dövlətlər arasında dialoq üçün etibarlı məkan kimi çıxış etməsi də xüsusi vurğulanmışdır.

Çıxışda Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə də diqqət yetirilmiş, ölkəmizin İslam dünyasında birləşdirici rolunun əhəmiyyəti qeyd edilmişdir. Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunması və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlığı bu istiqamətdə mühüm addımlar kimi qiymətləndirilmişdir.

İqtisadi və sosial sahədə əldə olunan nəticələrə toxunan Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirmişdir. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı qərarların qəbul ediləcəyi diqqətə çatdırılmışdır. Bununla yanaşı, iqtisadi inkişafın davamlılığının təmin olunması, investisiyaların cəlb edilməsi, maliyyə sabitliyinin qorunması və dövlətin maliyyə imkanlarının artırılması əsas prioritetlər kimi müəyyən edilmişdir.

Enerji sektorunun Azərbaycanın beynəlxalq mövqeyində mühüm rol oynadığı vurğulanmışdır. Azərbaycanın neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və digər enerji resurslarının istehsalı və ixracında imkanlarının ölkənin geosiyasi və iqtisadi əhəmiyyətini daha da artırdığı qeyd edilmişdir. Qarşıdakı dövrdə enerji potensialından daha səmərəli istifadə olunması və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də əsas istiqamətlərdən biri kimi qeyd edilmişdir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycanın tranzit imkanlarının artırılması, ölkə ərazisindən keçən yüklərin həcminin yüksəldilməsi və bunun yeni investisiyaların və iş yerlərinin yaradılmasına şərait yaratması mühüm perspektivlər kimi göstərilmişdir.

Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirmişdir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur, yaşayış, sosial və iqtisadi layihələrin həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının davam etdiyi vurğulanmışdır. Qarşıdakı illərdə “Böyük Qayıdış” prosesinin daha da sürətləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Sonda dövlət başçısı Yeni Azərbaycan Partiyasının bütün üzvlərinin qarşıda duran tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəyinə əminliyini ifadə etmiş və partiyaya yeni uğurlar arzulamışdır.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button