
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın keçdiyi mürəkkəb inkişaf yolunu, əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran strateji hədəfləri aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilir. Bu amil qurultayın siyasi əhəmiyyətini daha da artıran əsas məqamlardan biridir.
Çıxışın diqqət çəkən istiqamətlərindən biri Azərbaycanın tarixi Zəfərinin yalnız hərbi uğur kimi deyil, həm də güclü dövlətçilik iradəsinin nəticəsi kimi təqdim olunması idi. Prezident İlham Əliyev xalqın vahid mövqeyinin, siyasi qətiyyətin və ardıcıl strategiyanın qarşıya qoyulan məqsədlərin reallaşmasında həlledici rol oynadığını bildirdi. 2020-ci il Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə suverenliyin tam bərpa olunması Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirildi. Dövlət başçısının “8 Noyabr bizim əbədi bayramımız olacaq” fikri isə Zəfərin milli yaddaşımızdakı xüsusi yerini bir daha ifadə etdi.
Çıxışda YAP-ın tarixinin Azərbaycan dövlətçiliyinin inkişafı ilə sıx bağlı olduğu xüsusi diqqətə çatdırıldı. Prezident İlham Əliyev partiyanın yaradılmasını xalqın tələbi kimi xarakterizə edərək, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının da xalqın iradəsinin nəticəsi olduğunu vurğuladı. Bu yanaşma göstərir ki, YAP-ın siyasi tarixini yalnız bir partiyanın fəaliyyəti çərçivəsində deyil, həm də Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi dəyərləndirmək lazımdır.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyə toxunan Prezident İlham Əliyev ölkəmizin müxtəlif güc mərkəzləri ilə strateji tərəfdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırdı. Bu siyasətin əsasında Azərbaycanın müstəqil qərar qəbul etmək, milli maraqlarını qorumaq və etibarlı tərəfdaş kimi çıxış etmək prinsipi dayanır. Dövlət başçısının “sözümüz imzamız qədər dəyərlidir” fikri Azərbaycanın xarici siyasət fəlsəfəsinin mühüm ifadələrindən biri kimi yadda qaldı.
Prezident İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışının ümumi ruhu göstərdi ki, Azərbaycan artıq yalnız keçmişin problemlərini həll edən deyil, həm də gələcəyin çağırışlarını əvvəlcədən müəyyənləşdirən və onlara uyğun strategiya formalaşdıran dövlət kimi çıxış edir. Çıxışda güclü dövlət, milli birlik, təhlükəsizlik, davamlı inkişaf və müstəqil siyasət bir-birini tamamlayan əsas istiqamətlər kimi təqdim olundu.
“Siyasətdə emosiyalara yer yoxdur” fikri isə Azərbaycanın gələcək siyasi kursunda strateji düşüncənin, soyuqqanlı yanaşmanın və dövlət maraqlarının prioritet olaraq qalacağını bir daha nümayiş etdirir. Bu yanaşma ölkəmizin qarşıdakı dövrdə də milli maraqlara əsaslanan, praqmatik və ardıcıl siyasət həyata keçirəcəyinin mühüm göstəricisidir.
Tamerlan Qurbanov,
YAP Siyəzən Rayon Təşkilatının məsləhətçisi



