
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında sadəcə növbəti təşkilati tədbir deyil, Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra keçdiyi yola nəzər salınması və gələcəyə hesablanmış strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə oldu. Partiyanın Sədri, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı bir daha göstərdi ki, müasir Azərbaycanın hər bir uğurunun təməlində düzgün müəyyənləşdirilmiş strateji xətt, sarsılmaz xalq-iqtidar birliyi və milli maraqlara əsaslanan siyasi iradə dayanır.
Dövlətimizin başçısı çıxışında YAP-ın yaranmasından başlayaraq Azərbaycanın bugünkü Zəfər reallıqlarına qədər keçdiyi böyük inkişaf yolunu hərtərəfli təhlil etdi. Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası bu gün yalnız ölkənin aparıcı siyasi qüvvəsi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir. Ulu Öndərin 1990-cı illərin mürəkkəb və çətin şəraitində müəyyənləşdirdiyi siyasi kurs bu gün Cənubi Qafqazın aparıcı dövlətlərindən birinə, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycana çevrilməyimizin əsasını təşkil edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi Azərbaycanın çoxəsrlik tarixində mühüm tarixi Zəfərdir. Bu qələbə illərlə aparılan məqsədyönlü və sistemli siyasətin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və ən əsası, xalqımızın milli həmrəyliyinin və yüksək vətənpərvərlik ruhunun nəticəsidir. Qurultayda səsləndirilən fikirlər bir daha göstərdi ki, əldə edilən hər bir uğur gələcək nailiyyətlər üçün möhkəm təməl yaradır.
Bu gün Azərbaycan yeni mərhələyə – postmünaqişə dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin çıxışında “Böyük Qayıdış” proqramının həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması, eləcə də regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması əsas prioritet istiqamətlər kimi diqqətə çatdırıldı.
Azərbaycan hazırda yalnız öz ərazilərini bərpa etmir. Ölkəmiz eyni zamanda regionun nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, yeni iqtisadi əlaqələrin qurulması və regional əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atır. Bu proses Azərbaycanın qarşıdakı illərdə də regionda mühüm siyasi və iqtisadi aktor kimi mövqeyini gücləndirəcəyini göstərir.
Yeni Azərbaycan Partiyasının üzvü və Azərbaycan Respublikasının vətəndaşı kimi hesab edirəm ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı proqram xarakterli çıxışı hər birimiz üçün mühüm fəaliyyət istiqamətidir. Bu çıxış bizə bir daha xatırladır ki, qazanılmış Zəfəri qorumaq, dövlətimizi daha da gücləndirmək, ölkəmizin davamlı inkişafına töhfə vermək və gələcək nəsillərə qüdrətli Azərbaycan miras qoymaq hər birimizin mənəvi borcudur.
YAP-ın VIII Qurultayı bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dövlətimizin inkişafına, xalqımızın rifahının yüksəldilməsinə və milli maraqlarımızın qorunmasına xidmət edən aparıcı siyasi qüvvə kimi öz fəaliyyətini əzmlə davam etdirəcək.
Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı



