AnalitikaGündəmSiyasət

Zəfərin Siyasi Zirvəsi: YAP VIII Qurultayı

Tarix göstərir ki, bəzi siyasi toplantılar yalnız xatırlanır, bəziləri isə yeni bir dövrün başlanğıcını qoyur. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da ölkəmizin keçdiyi Zəfər yolunun mühüm yekunu və müstəqil dövlətçiliyimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi mərhələlərdən biridir.

Qurultayı xüsusi və əlamətdar edən əsas məqamlardan biri onun Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, separatizmə son qoyulduğu yeni geosiyasi şəraitdə keçirilməsidir. Otuz ildən artıq müddətdə xalqımızın qəlbində böyük nisgilə çevrilən Qarabağ məsələsinin məhz Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illərdə öz köklü həllini tapması partiyanın yalnız siyasi təşkilat deyil, eyni zamanda milli dövlətçiliyimizin möhkəm dayaqlarından biri olduğunu bir daha nümayiş etdirdi.

Obyektiv nəzər saldıqda aydın görünür ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər təsadüfi nəticə və ya qısamüddətli uğur deyil. 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi siyasi xaos, iqtisadi böhran və torpaqlarımızın işğalı fonunda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan möhkəm dövlətçilik təməlləri bugünkü uğurlarımızın əsasını təşkil etdi.

Cənab Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasət nəticəsində həmin təməllər daha da möhkəmləndirildi. Azərbaycan iqtisadi və siyasi baxımdan güclənərək milli maraqlarını qətiyyətlə müdafiə edən, öz taleyini özü müəyyənləşdirən müstəqil dövlətə çevrildi.

Ölkəmizin maliyyə imkanlarının genişlənməsi, valyuta ehtiyatlarının artması və xarici dövlət borcunun aşağı səviyyədə saxlanılması həyata keçirilən düşünülmüş iqtisadi siyasətin mühüm nəticələrindəndir. Müdafiə sənayesinin və hərbi qüdrətin ardıcıl şəkildə gücləndirilməsi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələri, eləcə də “Böyük Qayıdış” proqramının reallaşdırılması Azərbaycanın iqtisadi və siyasi gücünün əyani göstəriciləridir.

Azərbaycanın beynəlxalq müstəvidə tutduğu müstəqil və prinsipial mövqe də xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Qərbdən Şərqə, böyük dövlətlərdən regional təşkilatlara qədər müxtəlif platformalarda milli maraqlarını qətiyyətlə müdafiə edir, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurur.

Xarici təzyiqlərə, ikili standartlara və ölkəmizə qarşı aparılan müxtəlif kampaniyalara baxmayaraq, Azərbaycan öz müstəqil inkişaf yolunu inamla davam etdirir. Bu siyasətin əsasını milli maraqlar, dövlətçilik prinsipləri və xalqın rifahının təmin olunması təşkil edir.

YAP-ın VIII Qurultayı bir daha göstərdi ki, Azərbaycanın parlaq gələcəyinin təmin olunması, milli ideologiyanın və ideoloji təhlükəsizliyin qorunması, vətənpərvər və milli ruhda formalaşan gənc nəslin yetişdirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur.

Yeni Azərbaycan Partiyasının fəalları olaraq biz bu tarixi missiyanı dərindən dərk edir, dövlətimizin ətrafında sıx birləşərək Azərbaycanın daha böyük uğurlara və yeni Zəfərlərə doğru irəliləməsinə öz töhfəmizi verməyi şərəfli borc hesab edirik.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button