AnalitikaGündəmSiyasət

Suveren Azərbaycanın yeni inkişaf mərhələsi

2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi tarixə düşdü. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi bu tədbir xüsusi siyasi məna daşıyırdı. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə qarşıdakı dövr üçün strateji hədəfləri və prioritetləri müəyyənləşdirən proqram xarakterli nitq kimi diqqət çəkdi.

Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının ötən illər ərzində Azərbaycanın inkişafında oynadığı rolu xüsusi vurğulayaraq partiyanın təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu qeyd etdi. Dövlət başçısı bildirdi ki, YAP-ın fəaliyyəti, qəbul etdiyi qərarlar və həyata keçirdiyi siyasi xətt həm Azərbaycan, həm də region üçün mühüm əhəmiyyət daşıyır.

Çıxışın əsas məqamlarından biri Azərbaycanın əldə etdiyi tarixi Zəfərlərin və suverenliyin tam bərpasının yaratdığı yeni reallıqlar oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və qarşıda duran əsas vəzifə əldə olunan nailiyyətləri qorumaq, dövlətin gücünü artırmaq, iqtisadi inkişafı sürətləndirmək və beynəlxalq mövqelərini daha da möhkəmləndirməkdir.

Dövlət başçısı çıxışında xalq-iqtidar birliyinin ölkənin uğurlarının əsas mənbələrindən biri olduğunu qeyd edərək Azərbaycanın qarşılaşdığı bütün çətinlikləri məhz milli həmrəylik sayəsində dəf etdiyini bildirdi. Bu birlik Vətən müharibəsində qazanılan Zəfərin, eləcə də dövlət suverenliyinin tam bərpasının əsas amillərindən biri kimi dəyərləndirildi.

Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf modelinin əsas istiqamətlərinə də toxundu. Ordunun gücləndirilməsi, iqtisadiyyatın dayanıqlığının artırılması, insan kapitalının inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış proqramının uğurla davam etdirilməsi qarşıdakı dövrün prioritet vəzifələri kimi təqdim olundu.

VIII Qurultay bir daha nümayiş etdirdi ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında aparıcı rolunu qoruyub saxlayır və dövlətçilik ənənələrinə sadiq qalaraq yeni dövrün çağırışlarına uyğun fəaliyyət göstərir. Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın suverenlik dövründə inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirərək dövlətin gələcək uğurlarına xidmət edən mühüm siyasi mesajlar verdi.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və Prezident İlham Əliyevin burada səsləndirdiyi fikirlər Azərbaycanın yeni mərhələdə inkişaf prioritetlərini, milli maraqlara əsaslanan dövlətçilik siyasətini və gələcəyə yönəlmiş strateji baxışını bir daha nümayiş etdirdi. Qurultay ölkənin siyasi tarixində suveren Azərbaycanın inkişaf yolunun növbəti mühüm mərhələsi kimi yadda qalacaq.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button