AnalitikaGündəmSiyasət

Yeni hədəflərə doğru

Azərbaycanın müasir siyasi tarixində elə mərhələlər var ki, onların əhəmiyyəti yalnız bu günün reallıqları ilə deyil, gələcək nəsillərin dövlətçilik yaddaşında tutacağı yerlə ölçülür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası da məhz belə tarixi dönüş nöqtələrindən biridir. Bu böyük nəticəyə aparan yol uzun illər ərzində formalaşdırılmış ardıcıl dövlət siyasətindən, milli iradədən, siyasi qətiyyətdən və xalq-dövlət birliyindən keçib. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının məhz bu tarixi mərhələdə keçirilməsi onun siyasi çəkisini və ictimai əhəmiyyətini daha da artırır. Qurultay təkcə ölkənin aparıcı siyasi təşkilatının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi platforma deyil, həm də Azərbaycanın keçdiyi yolun siyasi baxımdan qiymətləndirilməsi, əldə olunan tarixi Zəfərin mahiyyətinin dərk edilməsi və qarşıdakı yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın şanlı Zəfərindən cəmi bir neçə ay sonra, ölkənin ictimai-siyasi həyatında yeni reallıqların formalaşdığı mühüm tarixi mərhələdə keçirilmişdir. Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında qeyd etdiyi kimi, həmin dövrdə bütün dünya Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən danışırdı. VII Qurultay məhz Zəfərin yaratdığı yeni siyasi və geosiyasi reallıqlar fonunda Partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin Qurultaydan ötən müddət ərzində Azərbaycan Zəfərinin siyasi nəticələrini möhkəmləndirmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni tarixi mərhələyə qədəm qoymuşdur.

Yeni Azərbaycan Partiyasının əldə etdiyi siyasi nəticələrin tarixi kökləri isə partiyanın yarandığı ilk dövrə gedib çıxır. Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının təkidli tələbi və milli dövlətçilik mənafeyinin tarixi zərurəti idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlət institutlarının formalaşdırılmasına, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsinə, milli həmrəyliyin təmin edilməsinə xidmət etdi. Bu siyasi xətt sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirildi və daha da zənginləşdirildi.

Qurultayda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycanın bugünkü Zəfəri təsadüfi hadisə deyil, uzun illər ərzində həyata keçirilmiş ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın qətiyyəti, prinsipiallığı, siyasi iradəsi və xalq-iqtidar birliyi ölkəmizin qarşısında duran ən mürəkkəb məsələlərin həllinə imkan verdi. Azərbaycan xalqının yumruq kimi birləşməsi, milli həmrəyliyin yüksək səviyyəyə çatması və dövlət siyasətinin xalq tərəfindən dəstəklənməsi Zəfərin əsas dayaqlarından biri oldu.

Azərbaycanın son üç onillikdə keçdiyi yol göstərir ki, böyük məqsədlərə çatmaq üçün siyasi iradə, milli birlik və ardıcıl dövlət siyasəti həlledici əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, iqtisadi və hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırmış, beynəlxalq nüfuzunu möhkəmləndirmiş dövlət kimi gələcəyə doğru addımlayır.

Qarşıdakı mərhələ isə Zəfərdən sonra quruculuq mərhələsidir. Bu mərhələdə əsas hədəf Azərbaycanın əldə etdiyi nailiyyətləri daha da möhkəmləndirmək, ölkənin iqtisadi və siyasi gücünü artırmaq və gələcək nəsillər üçün daha təhlükəsiz, daha güclü və daha firavan dövlət qurmaqdır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən mesajların ümumi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycan artıq yeni reallıqların formalaşdırıldığı deyil, həmin reallıqların gələcəyə çevrildiyi mərhələyə qədəm qoyur.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button