AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

Cəbrayıl şəhəri günü – Zəfərdən Böyük Qayıdışa

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan tarixində böyük siyasi, hərbi və mənəvi əhəmiyyət daşıyan günlərdən biridir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar tarix hər il Cəbrayıl şəhərinin işğaldan azad olunmasının ildönümü kimi qeyd edilir.

Cəbrayılın azad edilməsi 2020-ci il Vətən müharibəsinin ilk mühüm strateji nəticələrindən biri oldu. Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərinə nəzarəti bərpa etməklə yalnız mühüm yaşayış məntəqəsini azad etmədi, həm də düşmənin müdafiə xəttinin yarılması istiqamətində həlledici mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev də Cəbrayılın azadlığının müharibənin sonrakı gedişinə mühüm təsir göstərdiyini vurğulayıb.

Bu qələbənin tarixi əhəmiyyəti onunla da bağlıdır ki, Cəbrayıl Vətən müharibəsi zamanı işğaldan azad edilən ilk şəhər oldu. Altı il əvvəl əldə olunan Zəfər bu gün artıq yeni həyatın başlanğıcı ilə tamamlanır. İşğal dövründə ciddi dağıntılara məruz qalan şəhərdə və rayonda genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir, müasir infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir.

Cəbrayılın bərpası dövlətin işğaldan azad edilmiş ərazilərə yanaşmasının sistemli xarakterini nümayiş etdirir. Yeni yaşayış komplekslərinin, yolların, sosial obyektlərin və digər infrastrukturun yaradılması şəhərin gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Burada əsas məqsəd yalnız dağıdılmış şəhəri yenidən qurmaq deyil, Cəbrayılı müasir, rahat və dayanıqlı yaşayış məkanına çevirməkdir.

Cəbrayılın strateji mövqeyi də onun əhəmiyyətini artırır. Rayonun coğrafi yerləşməsi nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi və regionun gələcək inkişafında mühüm rol oynayır. Bu baxımdan Cəbrayılın dirçəldilməsi Qarabağın ümumi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.

4 Oktyabr həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Cəbrayılın azadlığı Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, fədakarlığı və canı bahasına mümkün olub. Buna görə bu tarix Zəfərin sevincini yaşatmaqla yanaşı, Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızı daim xatırlamağa çağırır.

Bu gün Cəbrayılın simasında Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən Böyük Qayıdış prosesinin nəticələrini görmək mümkündür. Vaxtilə dağıntılar içində olan şəhər yenidən qurulur, həyat canlanır, insanlar öz doğma yurdlarına qayıdır. Bu mənada Cəbrayıl Şəhəri Günü keçmişin Zəfərini gələcəyin quruculuğu ilə birləşdirən mühüm milli tarixdir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button