AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

4 Oktyabr: Zəfər Yolu Cəbrayıldan Keçir

4 oktyabr 2020-ci il Azərbaycanın müasir hərb və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış şanlı səhifələrdən biridir. İkinci Qarabağ Müharibəsinin başladığı ilk günlərdən etibarən əks-hücum əməliyyatlarını uğurla davam etdirən Müzəffər Azərbaycan Ordusu məhz bu tarixdə Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini düşmən işğalından azad etdi. İyirmi yeddi illik həsrətə son qoyan bu müjdəli xəbəri Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa çatdıraraq hər bir azərbaycanlının qəlbində böyük qürur və sevinc hissi oyatdı.

Cəbrayıl rayonunun azad edilməsi 44 günlük Vətən Müharibəsinin gedişində müstəsna strateji və hərbi əhəmiyyətə malik idi. Çünki 1993-cü il avqustun 23-də işğal olunan bu ərazi düşmən tərəfindən illər boyu güclü istehkamlarla və bir neçə müdafiə xətti ilə əhatələnmişdi. Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl istiqamətində həyata keçirdiyi sürətli və dəqiq hərbi əməliyyatlar erməni ordusunun müdafiə sistemini darmadağın etdi və gələcək zəfərlərin təməlini qoydu.

Hərbi baxımdan Cəbrayılın azad olunması digər rayonların və strateji yüksəkliklərin azad edilməsinə birbaşa yol açdı. Bu qələbə Azərbaycan ordusuna cənub cəbhəsi boyunca — Zəngilan, Qubadlı və Laçın koridoru istiqamətində maneəsiz irəliləmək imkanı yaratdı. Eyni zamanda, Araz boyu tarixi torpaqlarımızın düşməndən təmizlənməsi və qədim Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması xalqımızın tarixi və mənəvi bütövlüyünün bərpası kimi simvolik bir mənaya sahib oldu.

Cəbrayıl döyüşləri Azərbaycan əsgərinin sarsılmaz iradəsini, yüksək peşəkarlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Mürəkkəb relies şəraitində, düşmənin illərlə qurduğu mühəndis-istehkam maneələrini aşaraq hücuma keçən igidlərimiz misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. Cəbrayıl uğrunda gedən döyüşlərdə fərqlənən minlərlə hərbi qulluqçu dövlətimiz tərəfindən mühüm orden və medallarla, o cümlədən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Bu gün Cəbrayıl rayonu sürətli bərpa və yenidenqurma dövrünü yaşayır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 4 oktyabr tarixi “Cəbrayıl Şəhəri Günü” kimi təsis edilib. Dağıdılmış infrastrukturlar yenidən qurulur, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı inşa edilir və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı reallaşır. Cəbrayılın azad olunması sadəcə bir ərazinin qayıtması deyil, həm də Böyük Qayıdışın və dirçəlişin parlaq rəmzidir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button