AnalitikaGündəmSiyasət

Zəfərdən yeni inkişaf mərhələsinə

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi tarixində xüsusi məna daşıyan hadisələrdən biridir. Bunun əsas səbəbi qurultayın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir dövrdə keçirilməsidir. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı bu tarixi reallığın siyasi əhəmiyyətini ön plana çəkərək Azərbaycanın artıq yeni ictimai-siyasi və geosiyasi şəraitdə fəaliyyət göstərdiyini vurğulayıb. Bu mərhələ ölkənin qarşısında yeni məqsədlər qoymaqla yanaşı, əldə edilmiş nailiyyətlərin qorunmasını da strateji zərurətə çevirir.

Azərbaycanın Zəfəri yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu qələbə uzun illər ərzində aparılmış ardıcıl dövlət siyasətinin nəticəsi kimi meydana çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət iqtisadi, diplomatik və hərbi imkanların paralel şəkildə gücləndirilməsinə əsaslanıb. Azərbaycanın öz resurslarına arxalanaraq güclü ordu qurması, beynəlxalq mövqelərini möhkəmləndirməsi və milli həmrəyliyi təmin etməsi 44 günlük müharibənin nəticələrinə birbaşa təsir göstərib. 2023-cü ildə dövlət suverenliyinin tam bərpası isə həmin strategiyanın məntiqi davamı olub.

Bu uğurların siyasi kökləri Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrə gedib çıxır. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə formalaşan dövlətçilik strategiyası Azərbaycanın mürəkkəb şəraitdən çıxmasına imkan verdi. Ulu Öndər Heydər Əliyev ölkənin parçalanması təhlükəsinin qarşısının alınması, siyasi sabitliyin bərqərar edilməsi və iqtisadi dirçəlişin başlanması istiqamətində fundamental addımlar atdı. “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dövlət institutlarının möhkəmləndirilməsi sonrakı inkişaf üçün möhkəm zəmin yaratdı.

Prezident İlham Əliyev bu siyasi xətti yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanın gücünü daha da artırdı. Ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, hərbi sənaye potensialının formalaşdırılması, müasir silahlarla təchiz edilmiş ordunun yaradılması və beynəlxalq diplomatik fəallığın artırılması dövlətin strateji gücünü yüksəltdi. Bununla yanaşı, Azərbaycanın enerji, nəqliyyat və logistika layihələrində fəal iştirakı ölkəni regional əhəmiyyətli mərkəzə çevirdi. Bu gün Azərbaycan yalnız öz təhlükəsizliyini təmin edən deyil, həm də regional sabitliyə təsir göstərən dövlət kimi çıxış edir.

VIII Qurultay bütün bu proseslərin fonunda Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirən siyasi platformadır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr sırasında güclü dövlət, güclü ordu, milli həmrəylik, ideoloji təhlükəsizlik, iqtisadi inkişaf və fəal xarici siyasət əsas yer tutur. Zəfərin qorunması və yeni uğurların əldə edilməsi üçün partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Bu baxımdan VIII Qurultay Azərbaycanın Zəfər tarixindən davamlı inkişaf mərhələsinə keçidinin siyasi simvollarından biri kimi qiymətləndirilə bilər.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button