
Cəbrayıl rayonunun bərpası şəhərlə yanaşı kənd yaşayış məntəqələrinin də yenidən qurulmasını əhatə edir. Bu prosesin nümunələrindən biri Horovlu kəndidir. 2025-ci il oktyabrın 28-də kəndin birinci mərhələsinin açılışı keçirilib və sakinlərə yeni mənzillərin açarları təqdim olunub.
Horovlu kəndinin birinci mərhələsində 334 evin inşa edilməsi və təxminən 1400 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi və məşğulluq imkanlarının yaradılması da planın tərkib hissəsidir.
Bu yanaşma kənd bərpasının mühüm xüsusiyyətini göstərir: məqsəd yalnız ev tikmək deyil, kəndi tam sosial yaşayış məkanına çevirməkdir. Əgər yaşayış yeri təhsil, səhiyyə, ictimai xidmət və məşğulluq imkanları ilə təmin olunursa, qayıdış daha davamlı sosial prosesə çevrilir.
Horovlu nümunəsi həmçinin demoqrafik reallıqların nəzərə alınmasının vacibliyini göstərir. İşğaldan əvvəl kənddə yaşayan əhalinin ailə tərkibi və sonrakı nəsillərin artması yeni məskunlaşma planlarının əvvəlki yaşayış göstəricilərindən daha geniş qurulmasını tələb edir.
Cəbrayıl kəndlərinin bərpasında bu modelin tətbiqi kənd həyatının yenidən canlandırılması üçün mühüm əsas yaradır. Doğma torpağa qayıdan ailələr üçün müasir yaşayış şəraiti yaradılarkən, kəndin tarixi sosial strukturu da yeni mərhələdə davam etdirilir.
Mələk Nağıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi partiya təşkilatının sədri


