
Cəbrayılın bərpası prosesinin mərkəzində insan və ailə amili dayanır. İşğal illərində Cəbrayıl sakinlərinin müxtəlif bölgələrdə yaşaması ailələrin doğma məkanla əlaqəsini fiziki baxımdan zəiflətmişdi. Böyük Qayıdış isə həmin əlaqənin yenidən yaşayış mühitinə çevrilməsini nəzərdə tutur.
Yeni yaşayış komplekslərinin yaradılması bu baxımdan mühüm sosial əhəmiyyət daşıyır. 2024-cü ildə istifadəyə verilmiş ilk Cəbrayıl yaşayış kompleksində müxtəlif ölçülü mənzillərin təqdim olunması ailələrin fərqli tərkib və yaşayış ehtiyaclarının nəzərə alındığını göstərir. Kompleksdə sosial-məişət obyektləri, istirahət guşələri, uşaq və idman meydançalarının da yaradılması nəzərdə tutulub.
Ailə üçün yeni şəhər mühitinin əsas xüsusiyyətlərindən biri gündəlik xidmətlərin əlçatanlığıdır. Məktəb, uşaq bağçası, səhiyyə, nəqliyyat və ictimai məkanlar ailənin yaşayış keyfiyyətini müəyyənləşdirən əsas elementlərdir. Bu səbəbdən Cəbrayılın yenidən qurulmasında mənzil siyasəti sosial infrastruktur siyasəti ilə birlikdə həyata keçirilir.
2025-ci ildə şəhərdə ikinci və üçüncü yaşayış komplekslərinin təməlinin qoyulması da yaşayış fondunun genişləndirilməsinə yönəlmiş növbəti mərhələ oldu. İkinci kompleksdə 615, üçüncü kompleksdə isə 746 mənzilin inşası nəzərdə tutulur. Hər iki kompleksin sosial infrastrukturla təmin edilməsi planlaşdırılıb.
Bu baxımdan Cəbrayılın bərpası ailə institutunun doğma məkanda yenidən möhkəmləndirilməsi prosesidir. Qayıdışın uzunmüddətli nəticəsi insanların yalnız evə deyil, ailə həyatı, təhsil, əmək və sosial münasibətlərin bir-birini tamamladığı yeni yaşayış mühitinə qayıtması ilə müəyyən olunur.
Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri


