
Cəbrayılın coğrafi mövqeyi rayonun gələcək iqtisadi inkişafında logistikanı mühüm istiqamətə çevirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması zamanı da ərazinin logistika baxımından əlverişli mövqeyi xüsusi qeyd olunub. Park yeni avtomobil və dəmir yolları ilə əlaqələndirilir.
Logistika infrastrukturunun inkişafı sənaye istehsalının səmərəliliyinə birbaşa təsir göstərir. İstehsal olunan məhsulun xammal mənbəyinə, daxili bazara və potensial xarici bazarlara çatdırılması nə qədər sürətli və etibarlı olarsa, müəssisələrin rəqabət imkanları da bir o qədər genişlənir.
Cəbrayılın yerləşdiyi ərazi həmçinin Şərqi Zəngəzurun cənub istiqamətində iqtisadi əlaqələr üçün xüsusi imkan yaradır. Sənaye parkının yaradılması ilə bağlı rəsmi sənəddə logistika mərkəzinin və müxtəlif xidmət sahələrinin yaradılmasının nəzərdə tutulması da bu yanaşmanın göstəricisidir.
Logistikanın inkişafı yalnız yükdaşımalar demək deyil. Anbar təsərrüfatı, gömrük xidmətləri, texniki xidmət, nəqliyyat vasitələrinin servisi, topdan ticarət və digər xidmət sahələri də bu ekosistemin tərkib hissəsidir. “Araz Vadisi” Sənaye Parkının prioritet istiqamətləri sırasında logistika və ticarət mərkəzi, anbar kompleksləri və digər xidmət obyektlərinin göstərilməsi bunu təsdiqləyir.
Nəticədə Cəbrayılın logistika potensialı onun iqtisadi rolunun genişlənməsinə imkan verə bilər. Sənaye, nəqliyyat və ticarətin qarşılıqlı əlaqəsi rayonun yalnız istehsal məkanı deyil, regional iqtisadi əlaqələrin mühüm halqalarından biri kimi formalaşmasına şərait yaradır.
Samirə Vəliyeva,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 100” ərazi partiya təşkilatının sədr müavini



