
Cəbrayılın işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin mühüm mərhələlərindən biri oldu. 27 il davam edən işğala son qoyulması Cəbrayılın ərazi bütövlüyümüzə qovuşması ilə yanaşı, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əzmini və strateji üstünlüyünü də nümayiş etdirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu düşmənin müdafiə mövqelərinin yarılması istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi.
Oktyabrın 4-ü isə Cəbrayıl tarixinin ən şanlı günlərindən birinə çevrildi. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərinin də işğaldan azad edilməsi barədə məlumat verildi. Beləliklə, Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində bir şəhər və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl əməliyyatı mürəkkəbliyi və strateji əhəmiyyəti ilə seçilirdi. İşğalçı qüvvələr rayon ərazisində bir neçə xətdən ibarət müdafiə və istehkam sistemləri yaratmışdılar. Bu mövqelərin yarılması Azərbaycan hərbçilərindən yüksək peşəkarlıq, böyük cəsarət və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və döyüş əzmi nəticəsində düşmənin müdafiə xətti yarıldı və Cəbrayıl istiqamətində mühüm hərbi üstünlük əldə edildi.
Cəbrayılın azad olunması sonrakı hərbi əməliyyatların gedişinə də mühüm təsir göstərdi. Bu ərazi üzərində nəzarətin bərpa edilməsi Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji əhəmiyyət daşıyan Hadrut qəsəbəsi istiqamətində irəliləməsi üçün yeni imkanlar yaratdı. Sonrakı mərhələdə Zəngilan, Qubadlı və Laçın istiqamətlərində də mühüm hərbi uğurlar əldə edildi.
Cəbrayılın azad edilməsi həm də Azərbaycan xalqının 27 illik həsrətinə son qoydu. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimizin azad olunması ilə tarixi torpaqlarımızda yeni həyatın başlanması üçün zəmin yarandı. Bu gün Cəbrayılda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir.
Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı mühüm qələbələrdən biri kimi tariximizə həkk olunub. Bu Zəfərin əldə edilməsində canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbi qulluqçularımızın şücaəti xüsusi ehtiramla yad edilir.
Cəbrayılın azadlığı Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan Zəfər yolunun mühüm səhifələrindən biridir. Bu gün Cəbrayıl artıq işğalın deyil, azadlığın, quruculuğun və Böyük Qayıdışın simvolu kimi yeni tarixini yaşayır.
Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini



