AnalitikaGündəmSiyasət

Cəbrayıl: Qürur və Qayıdış.

1993-cü ilin avqust ayından bəri qəlbimizdə dərin bir nisgil, kədərli bir həsrət kimi kök salmışdı Cəbrayıl adı. İllərlə doğma ocaqlarımızın həsrəti ilə yaşadıq, hər dəfə xəritədə o torpaqlara baxanda içimizdən keçən sızıltını, babalarımızın, analarımızın gözlərindəki o ümidli baxışları unutmadıq. Ağoğlanın, Xudafərin körpüsünün, Cəbrayılın hər bir daşının, qayasının harayı illərlə ruhumuzda əks-səda verdi. Lakin xalqımızın inamı, dövlətimizin sarsılmaz iradəsi və ordumuzun qüdrəti sayəsində o dərin həsrət tikanı qəlbimizdən birdəfəlik çıxarıldı.

2020-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandanın doğma Cəbrayıl şəhərinin və onun bir neçə kəndinin işğaldan azad olunması müjdəsini verdiyi o anı heç zaman unutmaq olmaz. O gün təkcə bir şəhər azad olunmadı; o gün bütöv bir xalqın qüruru, tapdanmış ləyaqəti, illərdir çəkdiyi Vətən həsrəti zəfərlə taclandırıldı, millətimizə misilsiz bir qürur hissi bəxş edildi.

Cəbrayılın azad edilməsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi, Böyük Qələbəmizin ilk möhtəşəm müjdəçisi oldu. Doğma şəhərimizin düşmən tapdağından təmizlənməsi xalqımızın döyüş ruhunu daha da yüksəltdi, Zəfər yolumuzu daha da işıqlandırdı. Bu tarixi addım Azərbaycan əsgərinin sarsılmaz iradəsini, qəhrəmanlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Əsrlərin şahidi olan Xudafərin körpüsündə şanlı bayrağımızın yenidən ucaldılması isə təkcə hərbi uğur deyil, milli birliyimizin, tarixi yaddaşımızın və sarsılmaz azərbaycançılıq ruhunun təntənəsi kimi yaddaşlara həkk olundu.

Bu gün oktyabrın 4-ünü təkcə bir təqvim günü kimi deyil, dirçəlişin, bərpanın və böyük qayıdışın rəmzi kimi qeyd edirik. Bir zamanlar xarabalağa çevrilmiş doğma Cəbrayıl bu gün yenidən doğulur, küllərindən dirçəlir. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri, tikilən yeni yaşayış massivləri, müasir məktəblər, yollar və infrastruktur layihələri bu torpaqlara təzə nəfəs gətirir. İllərdir Yurd həsrəti ilə döyünən qəlblər artıq öz ata-baba ocaqlarına, doğma elinə-obasına qovuşur. Cəbrayılın küçələrdən yenidən uşaq gülüşləri, doğma elin həyat dolu nəfəsi gəlir.

Müzəffər Ordumuzun bizə bəxş etdiyi bu müqəddəs Qələbəyə, bu işıqlı günlərə görə canından keçmiş şəhidlərimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə minnatdarlıq edirik. 4 Oktyabr — Cəbrayılın azadlığı, Azərbaycanın bütövlüyü, milli qürurumuzun təntənəsi və əbədi zəfər yolumuzun şanlı bayramıdır!

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məslətətçisi

Oxşar Xəbərlər

Back to top button