AnalitikaGündəmSiyasət

Azad və abad Cəbrayıl

Cəbrayıl rayonunun 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının yaddaşında ağır faciə kimi qalmışdır. İşğala qədər 1050 kvadratkilometr ərazini əhatə edən, 52 min nəfərə yaxın əhalinin yaşadığı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial və iqtisadi infrastrukturu, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları və tarixi abidələri dağıdılmış, əhali doğma yurdlarından məcburi köçkün düşmüşdür. Cəbrayılın işğalı təkcə bir rayonun ərazi itkisindən ibarət deyildi. Burada əsrlər boyu formalaşmış tarixi-mədəni irsə qarşı məqsədyönlü dağıntılar həyata keçirilmişdir. Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Xubyarlı kəndindəki türbələr, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası və digər tarix-mədəniyyət nümunələri işğalın ağır nəticələrinə məruz qalmışdır.

Cəbrayılın azad olunmasına aparan yol isə 2020-ci ildən başlamırdı. 1994-cü ilin əvvəlində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi bu istiqamətdə mühüm hadisə olmuşdu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi isə Cocuq Mərcanlıya təhlükəsiz qayıdış üçün imkan yaratdı. Sonrakı mərhələdə burada həyatın bərpası Böyük Qayıdış ideyasının ilk real nümunələrindən birinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni tarixi mərhələ açdı. Cəbrayıl rayonu bu hərbi-siyasi prosesin mühüm istiqamətlərindən biri oldu. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad edilməsindən sonra oktyabrın 4-də Cəbrayıl şəhərinin və bir sıra yaşayış məntəqələrinin azad edilməsi böyük strateji əhəmiyyət daşıdı.

Cəbrayıl əməliyyatı mürəkkəb istehkam sistemlərinin yarılması, ciddi müqavimətin dəf edilməsi və Azərbaycan hərbçilərinin böyük fədakarlığı ilə müşayiət olundu. Cəbrayılın azad olunması sonrakı hərbi əməliyyatlar üçün mühüm imkanlar yaratdı. Bu ərazidə əldə olunan strateji üstünlük Xocavənd istiqamətində, o cümlədən Hadrutun azad edilməsi istiqamətində əməliyyatların genişləndirilməsinə, daha sonra Zəngilan, Qubadlı və Laçın istiqamətlərində irəliləyişə imkan verən mühüm amillərdən biri oldu. Cəbrayılın azad edilməsi Azərbaycanın dövlətçilik tarixində daha bir mühüm simvolik hadisə ilə yadda qaldı. Qədim Xudafərin körpülərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin ərazidə Azərbaycan bayrağını ucaltması xalqımız üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıdı. Xudafərin yalnız mühüm tarixi-memarlıq abidəsi deyil, Azərbaycanın çoxəsrlik dövlətçilik və mədəniyyət tarixinin mühüm simvollarından biridir. Azərbaycan bayrağının burada dalğalanması tarixi torpaqlarımızda dövlət suverenliyinin bərpasının rəmzinə çevrildi.

Cəbrayılın tarixində 4 oktyabr artıq yalnız azadlığın tarixi deyil. Bu tarix həm də qayıdışın, yenidənqurmanın və gələcəyə baxışın rəmzidir. İşğal dövründə boşalmış şəhər və kəndlərdə həyatın yenidən canlanması Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsinin mühüm göstəricisidir. Bu gün Cəbrayılın küçələrində dalğalanan Azərbaycan bayrağı 2020-ci ilin tarixi Zəfərinin simvolu olmaqla yanaşı, doğma torpaqların gələcək nəsillər üçün qorunmasının və inkişaf etdirilməsinin də rəmzidir. Cəbrayılın bərpası ilə Azərbaycan yalnız keçmişin yaralarını sağaltmır, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun gələcəyini müasir inkişaf prinsipləri əsasında qurur. 4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan həm qəhrəmanlıq tarixinin, həm dövlət suverenliyinin, həm də Böyük Qayıdışın simvoludur.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button