
Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkəmizin regionda mühüm nəqliyyat, logistika və enerji qovşağına çevrilməsini təmin edib. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bu istiqamətdə görülən işlərin miqyasını və gələcək perspektivləri aydın şəkildə ortaya qoydu.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi üçün ilk növbədə müasir infrastruktur yaradılıb. Ölkəmiz dəmir yollarına, dəniz limanlarına, hava nəqliyyatına və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırıb. Dəmir yollarının 60 faizinin elektrikləşdirilməsi, doqquz beynəlxalq hava limanının fəaliyyət göstərməsi və dəniz limanının genişləndirilməsi Azərbaycanın logistika imkanlarını daha da artırır.
Ölkəmizin yerləşdiyi coğrafi mövqe də xüsusi üstünlük yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və hər iki istiqamətin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır.
Bu imkanların reallaşdırılması Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin sabit və proqnozlaşdırılan xarakter daşıması ilə də bağlıdır. Tranzit ölkəyə çevrilmək üçün yalnız daxili infrastrukturun yaradılması kifayət deyil. Qonşular və qonşuların qonşuları ilə etibarlı əməkdaşlıq da mühüm şərtdir. Azərbaycanın bu istiqamətdə apardığı siyasət ölkənin regional bağlantılardakı rolunu gücləndirir.
Enerji sahəsində də Azərbaycanın imkanları genişlənir. Xəzər dənizinin dibi ilə Mərkəzi Asiyanı Azərbaycan və Avropa ilə birləşdirəcək elektrik kabelinin, həmçinin Azərbaycan-Gürcüstan-Rumıniya istiqamətində Qara dəniz kabelinin reallaşdırılması böyük əhəmiyyət daşıyır. Bu layihələr Azərbaycanı təkcə enerji resurslarının deyil, həm də elektrik enerjisinin və yaşıl enerjinin mühüm ixracatçısına çevirmək məqsədinə xidmət edir.
Nəqliyyat və enerji ilə yanaşı, rəqəmsal bağlantılar da Azərbaycanın gələcək inkişafında mühüm yer tutur. Fiber-optik kabellərin genişləndirilməsi, rəqəmsal infrastrukturun inkişafı və gömrük idarəçiliyinin təkmilləşdirilməsi ölkənin beynəlxalq təchizat zəncirlərində rolunu daha da artıracaq.
Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız tranzit ölkə deyil, regional və qlobal bağlantıların mühüm həlqələrindən birinə çevrilir. Qarşıdakı dövrdə nəqliyyat, logistika, enerji və rəqəmsal infrastrukturun inkişafı ölkənin iqtisadi potensialının daha da gücləndirilməsinə xidmət edəcək.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



