AnalitikaGündəmSiyasət

Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı

Tarixin elə dönəmləri olur ki, bütöv bir xalqın fəlakətdən xilası və gələcək taleyi yalnız bir şəxsiyyətin cəsarətindən, zəkasından və iradəsindən asılı hala gəlir. Azərbaycan xalqı üçün belə həlledici və dönüş nöqtəsi olan tarixi günlərdən biri də 3 oktyabr 1993-cü il tarixidir. Məhz həmin gün müstəqilliyini itirmək, parçalanmaq və daxili xaosda boğulmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz dahi oğlunu – Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim sadəcə bir dövlət başçısının təyin olunması deyil, ömrünü son nəfəsinədək Vətəninə həsr edən bir dövlət adamının xalqı qarşısında götürdüyü böyük xilaskarlıq missiyasının rəsmi başlanğıcı idi.

1990-cı illərin əvvəllərində Azərbaycan həm Ermənistanın hərbi təcavüzü, həm də ölkə daxilindəki qeyri-sabitlik, ordu daxilindəki pərakəndəlik və iqtisadi böhran səbəbindən uçurumun kənarında idi. Belə bir ağır məqamda xalq yeganə ümid yeri olan böyük strateq Heydər Əliyevi Bakıya dəvət etdi. Ömrünün böyük hissəsini idarəçiliyə, dövlət quruculuğuna həsr etmiş bu dahi insan şəxsi rahatlığını, yaşını və qarşıdakı çətinlikləri düşünmədən, yalnız xalqına olan sonsuz sevgisi ilə bu ağır yükü çiyinlərinə götürdü.

3 oktyabr seçkilərində qazanılan parlaq qələbə Heydər Əliyev şəxsiyyətinə olan ümummilli etimadın ən bariz göstəricisi idi. Prezident kürsüsünə əyləşdiyi ilk gündən etibarən o, Azərbaycanın gələcək inkişafının möhkəm təməllərini atmağa başladı. İlk növbədə ölkədə daxili sabitlik bərqərar olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və dövlətçiliyin əsasları yenidən quruldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi müstəqilliyinin və qlobal arenada strateji əhəmiyyətinin əsası qoyuldu.

Heydər Əliyev fərdi keyfiyyətləri, xarizması və dərin zəkası ilə dünyada qəbul olunan, rəğbət bəslənilən nadir dövlət xadimlərindən idi. O, hər bir addımını Azərbaycanın bu gününə deyil, onilliklər sonrakı gələcəyinə hesablayan bir vizyona sahib idi. Onun ən böyük arzusu və vəsiyyəti isə torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bu gün tam əminliklə demək olar ki, onun qurduğu güclü dövlət təməli və yetişdirdiyi layiqli davamçısı sayəsində Azərbaycan öz tarixi zəfərinə qovuşmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.

3 oktyabr 1993-cü il tarixi hər bir azərbaycanlının yaddaşına bir intibah günü kimi həkk olunub. Ömrünü Azərbaycanın işıqlı gələcəyinə fəda edən Ümummilli Lider Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq, onun irsi gələcək nəsillərə bələdçi olmaqda davam edəcəkdir.

Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının ə
məkdaşı

Oxşar Xəbərlər

Back to top button