AnalitikaGündəmSiyasət

Müstəqilliyimizin Şərəfli Səhifəsi

1990-cı illərin əvvəlləri Azərbaycanın müasir salnaməsinə həm böyük sınaqlar, həm də tarixi dönüşlər dövrü kimi həkk olunmuşdur. Müstəqilliyini bərpa etdiyi ilk illərdən xarici təcavüz, daxili siyasi çəkişmələr, iqtisadi tənəzzül və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan respublikamız dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Hakimiyyət boşluğunun yarandığı, milli həmrəyliyin sarsıldığı belə mürəkkəb tarixi şəraitdə xalqımızın əsas ümid və inam ünvanı zəngin dövlətçilik təcrübəsinə, dərin müdrikliyə və sarsılmaz iradəyə malik Heydər Əliyev idi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider ilk addımları ilə ölkədə xaosun qarşısının alınmasına, idarəolunmaz proseslərin dayandırılmasına nail oldu və Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Lakin ölkənin gələcək inkişaf istiqamətinin və siyasi sabitliyin ümumxalq iradəsi ilə təsdiqlənməsi vacib idi. Məhz 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycan üçün adi seçki prosesi deyil, xalqın öz müqəddəratını və gələcəyini müəyyənləşdirdiyi mühüm tarixi hadisə oldu.

Seçicilərin 98,8 faizinin səsini qazanan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın dövlətçiliyə, milli birliyə və ölkənin gələcəyinə olan inamının göstəricisi kimi qiymətləndirildi. 3 Oktyabr seçkiləri ilə ölkədə uzun müddət davam edən siyasi qeyri-müəyyənliyin aradan qaldırılması və sabitliyin təmin olunması istiqamətində mühüm mərhələ başlandı. Bu hadisə Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, tərəqqi və inkişaf üçün zəruri siyasi zəminin formalaşması baxımından xüsusi əhəmiyyət daşıdı.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, nizami ordunun qurulması və milli ideologiyanın əsas istiqamətlərindən biri olan azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarının genişlənməsində və enerji siyasətinin formalaşmasında mühüm rol oynadı. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməyə başladı.

Ulu Öndərin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin gələcək inkişafı üçün dayanıqlı əsasların yaradılmasına və milli dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfələr verdi.

Bu gün 1993-cü il 3 oktyabr tarixinin Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsində mühüm yer tutduğunu qeyd etmək olar. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın hərbi, iqtisadi və beynəlxalq mövqeləri daha da möhkəmləndi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevrildi.

3 Oktyabr — Azərbaycan xalqının müstəqillik tarixində mühüm yer tutan, dövlətçiliyin möhkəmləndirilməsi və gələcəyə inamın formalaşması baxımından əlamətdar bir tarixdir.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button