
Azərbaycanın müasir tarixi xalqımızın taleyini dəyişən, dövlətçiliyimizin təməlini möhkəmləndirən və ölkəmizi inkişaf və tərəqqi zirvəsinə daşıyan şanlı səhifələrlə zəngindir. Bu şanlı tarixlərin ən zirvəsində dayanan həlledici məqamlardan biri də 3 oktyabr 1993-cü il tarixidir.
Ümummilli Lider Heydər Əliyevin həmin gün ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin gələcək taleyində dönüş nöqtəsi oldu. 3 oktyabrdan başlanan dirçəliş və tərəqqi yolu Azərbaycanı məhvolma təhlükəsindən qurtararaq, bu gün qüdrətli, suveren və regionun lider dövlətinə çevirən böyük bir inkişaf epopeyasıdır.
SSRİ-nin dağılmasından sonra yenidən müstəqillik qazanan Azərbaycan ilk illərdə ağır sınaqlarla üzləşdi. İdarəçilikdəki səriştəsizlik, hakimiyyət uğrunda gedən daxili çəkişmələr və anarxiya ölkəni fəlakət həddinə çatdırmışdı.
Ölkə daxilində baş qaldıran separatçı meyillər və qanunsuz silahlı birləşmələr vətəndaş müharibəsi təhlükəsini reallığa çevirmişdi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doğma torpaqlarımız bir-inin ardınca işğal olunur, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü.İstehsal dayanmış, inflyasiya həddini aşmış, əhalinin sosial rifahı tamamilə pozulmuşdu.
Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdan dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, 3 oktyabr 1993-cü ildə isə xalqın mutləq əksəriyyətinin dəstəyi ilə Prezident kürsüsünə oturdu. Bu seçki xalqın öz xilaskarına olan sonsuz inamının təntənəsi idi.
Ulu Öndər hakimiyyətə gələn kimi ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Qanunsuz silahlı dəstələrin ləğv olunması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması respublikada əmin-amanlığın təmin olunmasında həlledici rol oynadı.
Siyasi sabitliyin bərqərar olması cəmiyyətdə həmrəylik yaratdı. Heydər Əliyevin müəyyənləşdirdiyi “Azərbaycançılıq” ideologiyası ölkədə yaşayan bütün xalqların nümayəndələrini vahid amal ətrafında birləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini formalaşdırdı.
Heydər Əliyev dahi strateq kimi gözəl başa düşürdü ki, siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilməlidir. Həmin dövrdə ölkənin xilası üçün unikal addım atıldı: 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə əfsanəvi “Əsrin müqaviləsi” imzalandı.
Qazanılan iqtisadi uğurlar digər qeyri-neft sektorlarının, regionların inkişafına, yoxsulluğun səviyyəsinin kəskin azalmasına və əhalinin rifahının yaxşılaşmasına güclü təkan verdi.
3 oktyabr 1993-cü ildən başlanan dirçəliş və tərəqqi yolu Azərbaycan xalqının qətiyyətinin, birliyinin və liderinə olan etimadının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən nüfuzlu, təhlükəsiz və sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu şanlı yol xalqımızın yaddaşında əbədi yaşayacaq və Azərbaycanı hər zaman daha parlaq sabahlara aparacaqdır.
Şövqiyyə Əliyeva,
Nizami rayonu 12 saylı məktəbin tarix müəllimi



