AnalitikaGündəmSiyasət

3 oktyabr 1993-cü il: dövlət hakimiyyətinin legitim əsaslarının möhkəmlənməsi

1993-cü il Azərbaycan tarixinin ən mürəkkəb mərhələlərindən biri kimi yadda qalıb. Müstəqilliyin ilk illərində ölkə həm xarici təhdidlər, həm də daxili siyasi böhran, iqtisadi çətinliklər və dövlət idarəçiliyində ciddi problemlərlə üzləşmişdi. Belə bir şəraitdə dövlət hakimiyyətinin legitimliyinin möhkəmləndirilməsi yalnız siyasi məsələ deyil, həm də dövlətin gələcək mövcudluğu baxımından fundamental əhəmiyyət daşıyırdı. Məhz bu kontekstdə 3 oktyabr 1993-cü il xüsusi tarixi məna qazanır. Həmin gün ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi dövlət idarəçiliyinin mərkəzləşdirilməsi və siyasi proseslərin hüquqi-siyasi çərçivəyə salınması istiqamətində mühüm mərhələ oldu. Bu mərhələnin mahiyyətini yalnız konkret siyasi şəxsin hakimiyyətə gəlməsi ilə izah etmək kifayət deyil. Burada əsas məsələ dövlət institutlarının işlək vəziyyətə gətirilməsi, idarəetmədə ardıcıllığın təmin olunması və dövlət hakimiyyətinin cəmiyyət qarşısında məsuliyyət daşıyan institusional mexanizm kimi möhkəmləndirilməsi idi. Rəsmi tarixi mənbələrdə də 1993-cü ildən sonra müstəqil dövlət quruculuğu, təhlükəsizlik, iqtisadiyyatın bərpası və beynəlxalq əlaqələrin inkişafının əsas istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd olunur.

Bu baxımdan 3 oktyabr siyasi legitimliyin yalnız seçki nəticəsi kimi deyil, dövlətçilik prosesinin mühüm dayağı kimi qiymətləndirilə bilər. Çünki dövlət hakimiyyətinin davamlılığı üçün siyasi iradə ilə yanaşı, cəmiyyətin legitim hakimiyyət institutlarına münasibəti də mühüm rol oynayır. 1993-cü ilin mürəkkəb şəraitində dövlət idarəçiliyinin yenidən təşkil edilməsi sonrakı illərdə hüquqi və institusional islahatların aparılması üçün zəmin yaratdı.

Sonrakı mərhələdə qəbul edilən qərarlar bu institusional xəttin davamını göstərdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının sistemləşdirilməsi baxımından mühüm hadisə oldu. Konstitusiya 12 noyabr 1995-ci ildə referendumla qəbul edilmiş və 27 noyabrda qüvvəyə minmişdir. Bu proses 3 oktyabr 1993-cü ildə başlayan siyasi mərhələnin hüquqi-institusional nəticələrindən biri kimi təhlil edilə bilər.

Beləliklə, 3 oktyabr 1993-cü il Azərbaycan tarixində yalnız prezident seçkisinin keçirildiyi tarix deyil, dövlət hakimiyyətinin legitimliyinin möhkəmləndirilməsi baxımından dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə dövlət quruculuğu gündəliyi daha sistemli xarakter aldı. Bu tarixdən sonrakı proseslər Azərbaycan dövlətçiliyinin hüquqi, siyasi və institusional əsaslarının formalaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcını təşkil etdi.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button