AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyev və 1993-cü ildə dövlət idarəçiliyinin yenidən qurulması

Dövlət idarəçiliyinin keyfiyyəti ölkənin siyasi sabitliyi və inkişaf imkanlarını müəyyən edən fundamental amillərdəndir. Azərbaycan müstəqilliyinin ilk illərində bu sahədə ciddi çətinliklərlə qarşılaşmışdı. Dövlət institutlarının yeni şəraitə uyğunlaşdırılması, hakimiyyət mexanizmlərinin fəaliyyətinin təmin olunması və siyasi qarşıdurmaların aradan qaldırılması bir-biri ilə bağlı məsələlər idi. 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi məhz belə mürəkkəb şəraitdə idarəçilik modelinin yeni mərhələyə keçidini ifadə etdi.

Ulu Öndər Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsas elementlərindən biri dövlət institutlarının siyasi qərarların icrasını təmin edə biləcək gücə malik olması idi. Dövlət orqanlarının fəaliyyətinin şəxsi və qrup maraqlarından uzaqlaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi və idarəçilikdə məsuliyyət prinsipinin gücləndirilməsi bu yanaşmanın mühüm istiqamətlərini təşkil edirdi. Bu baxımdan 1993-cü ildən sonra dövlət idarəçiliyinin yenidən təşkilinə xüsusi diqqət yetirilməsi təsadüfi deyildi.

3 oktyabr seçkisindən əvvəl Ulu Öndər Heydər Əliyevin müxtəlif sosial qruplarla görüşləri də onun idarəçilik baxışlarının öyrənilməsi baxımından əhəmiyyətlidir. Ziyalılarla, gənclərlə, əmək kollektivlərinin nümayəndələri ilə və digər ictimai təbəqələrlə görüşlərdə ölkənin qarşısında dayanan problemlər müzakirə edilir, dövlət idarəçiliyinin gələcək istiqamətləri barədə mövqelər açıqlanırdı. Bu yanaşma siyasi liderliyin cəmiyyətlə birbaşa ünsiyyət üzərində qurulmasının nümunəsi kimi də araşdırıla bilər.

Dövlət idarəçiliyinin yenidən qurulması hüquqi bazanın təkmilləşdirilməsini də tələb edirdi. 1995-ci ildə qəbul edilən Konstitusiya bu prosesin mühüm nəticəsi oldu. Dövlət hakimiyyətinin təşkilinin əsas prinsipləri, vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərlik və xalq hakimiyyəti kimi fundamental müddəalar müstəqil Azərbaycanın hüquqi dövlət modelinin əsaslarını müəyyənləşdirdi.

Beləliklə, 3 oktyabr 1993-cü il Azərbaycan dövlət idarəçiliyinin tarixində yeni mərhələnin siyasi başlanğıcı kimi çıxış etdi. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə dövlət idarəçiliyinin qarşısında yalnız mövcud böhranın aradan qaldırılması deyil, həm də uzunmüddətli və institusional dövlət modelinin qurulması vəzifəsi dayandı. Sonrakı illərdə həyata keçirilən hüquqi, siyasi və iqtisadi tədbirlər həmin dövlət quruculuğu konsepsiyasının müxtəlif istiqamətlərdə inkişafını təmin etdi.

Firuzə Əmirova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button