
Azərbaycanın son onilliklərdə keçdiyi sosial-iqtisadi inkişaf yolu ölkənin investisiya imkanlarının, maliyyə dayanıqlığının, enerji və nəqliyyat infrastrukturunun, eləcə də qeyri-neft sektorunun inkişafı ilə müşayiət olunub. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı da bu inkişafın əsas dayaqlarını və qarşıdakı dövr üçün prioritet istiqamətləri geniş şəkildə ortaya qoydu.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri sabit iqtisadiyyatın və müstəqil maliyyə sisteminin uzunmüddətli inkişaf üçün yaratdığı imkanlardır. Dövlət başçısının qeyd etdiyi kimi, indiyədək görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem gələcək inkişaf haqqında danışmaq üçün ilkin şərtləri formalaşdırıb. Əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb.
Prezident İlham Əliyevin çıxışında logistika, nəqliyyat və bağlantılar Azərbaycanın gələcək iqtisadi inkişafının mühüm hərəkətverici qüvvələrindən biri kimi təqdim olunub. Azərbaycanın coğrafi mövqeyi ölkəni Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirir. Lakin coğrafi mövqenin özü kifayət etmir. Bunun üçün uzun illər ərzində dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına, hava nəqliyyatına və digər infrastruktur sahələrinə böyük həcmdə investisiyalar yatırılıb.
Forumun gündəliyi yalnız enerji ilə məhdudlaşmayıb. “SOCAR” ilə “Oracle” arasında Oracle Alloy Agreement-in mübadiləsi Azərbaycanın rəqəmsal transformasiya və texnoloji əməkdaşlıq istiqamətində də yeni imkanlara diqqət yetirdiyini göstərir. Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında birgə müəssisə müqaviləsi, İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” arasında strateji tərəfdaşlıq və investisiya çərçivə sazişi də qeyri-neft sahələrinin investisiya gündəliyində yer aldığını nümayiş etdirir.
Prezidentin çıxışında gələcək iqtisadi inkişafın ən diqqətçəkən istiqamətlərindən biri kimi süni intellekt və data mərkəzləri də qeyd olunub. Süni intellekt texnologiyalarının inkişafı böyük həcmdə elektrik enerjisi və məlumat emalı infrastrukturu tələb edir. Azərbaycanın əlavə enerji potensialının olması, yeni ötürücü xətlərin yaradılması və enerji istehsalının genişləndirilməsi ölkədə data mərkəzlərinin inkişafı üçün müəyyən imkanlar formalaşdırır. Burada əsas məsələ enerji resursunu sadəcə ixrac etmək deyil, onun ölkə daxilində yüksək əlavə dəyər yaradan texnologiyalara çevrilməsidir. Bu baxımdan enerji və rəqəmsal iqtisadiyyatın bir-biri ilə əlaqələndirilməsi Azərbaycanın yeni investisiya strategiyasının perspektivli istiqamətlərindən biri kimi çıxış edir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan sənədlər deməyə əsas verir ki, Azərbaycanın gələcək dövr üçün yeni iqtisadi inkişaf modeli ölkəmizə çoxlu dividentlər gətirəcək və tərəfdaş ölkələrə nümunə olacaq. Ölkənin formalaşdırdığı iqtisadi potensial və həyata keçirilən infrastruktur layihələri yeni inkişaf imkanlarının reallaşdırılması üçün geniş baza yaradacaq.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



