AnalitikaGündəmSiyasət

Sabitlikdən qlobal bağlantılara uzanan inkişaf strategiyası

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edərək moderatorun suallarını cavablandırıb və Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji, nəqliyyat-logistika və rəqəmsal infrastruktur sahələrində prioritetlər barədə fikirlərini bölüşüb.

Dövlət başçısının çıxışında Azərbaycanın son illərdə formalaşdırdığı iqtisadi potensialın gələcək inkişaf üçün mühüm baza yaratdığı vurğulanıb. Prezidentin sözlərinə görə, Azərbaycan son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edib, bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Bu göstərici ölkənin beynəlxalq investorlarla əməkdaşlığının geniş miqyasını nümayiş etdirən mühüm fakt kimi diqqətə çatdırılıb.

Çıxışın əsas istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi olub. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunun iqtisadiyyatda mühüm rolunu qoruyacağını bildirməklə yanaşı, gələcəkdə bərpaolunan enerji, kənd təsərrüfatı, logistika, nəqliyyat, rəqəmsal infrastruktur, insan kapitalı və digər sahələrdə investisiya imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının mövcudluğu ölkənin yaşıl enerji istiqamətində perspektivlərini ön plana çıxarıb.

Azərbaycanın mühüm coğrafi mövqeyi də çıxışda xüsusi qeyd olunan məsələlərdən olub. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin inkişafı, dəmir yollarının, avtomobil yollarının, dəniz limanlarının və hava nəqliyyatının imkanlarının genişləndirilməsi Azərbaycanın tranzit və logistika potensialını artıran əsas amillər sırasında göstərilib. Prezident İlham Əliyev Azərbaycanın qonşu ölkələrlə əməkdaşlığının və regional bağlantıların gücləndirilməsinin nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Forum çərçivəsində investisiya əməkdaşlığının praktiki nəticələri də özünü göstərib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Bu sənədlər forumun yalnız fikir mübadiləsi platforması deyil, həm də konkret investisiya əməkdaşlığının təşviqi baxımından əhəmiyyətli tədbir olduğunu göstərir.

Ümumilikdə, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsində investisiyaların, şaxələndirmənin, regional bağlantıların və müasir texnologiyaların rolunu önə çıxarıb. Forumda səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq investorlarla əməkdaşlığı genişləndirmək, mövcud iqtisadi potensialı daha səmərəli şəkildə reallaşdırmaq və ölkəni regional iqtisadi-logistika mərkəzlərindən birinə çevirmək istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərini əks etdirib.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button