AnalitikaGündəmSiyasət

Bərpaolunan enerji Azərbaycanın yeni iqtisadi ixtisaslaşma istiqamətidir

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışında bərpaolunan enerji mövzusuna geniş yer ayırması Azərbaycanın enerji strategiyasının yeni mərhələsini xarakterizə edən əsas məqamlardan biridir. Prezident İlham Əliyev Azərbaycanın xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğulayıb. Bu yanaşma bərpaolunan enerjinin yalnız ekoloji məqsədlər baxımından deyil, həm də gələcək iqtisadi artım və ixrac strategiyasının komponenti kimi nəzərdən keçirildiyini göstərir.

Azərbaycanın enerji sistemində bərpaolunan mənbələrin payının artırılması təbii qazdan daha səmərəli istifadə üçün də imkan yarada bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas hədəflərdən biri elektrik enerjisi istehsalında təbii qaz istehlakını azaltmaq və mövcud qaz resurslarının daha çox ixraca yönəldilməsidir. Bu yanaşma enerji keçidini Azərbaycan üçün təkcə karbon emissiyalarının azaldılması məsələsi deyil, həm də enerji resurslarının iqtisadi səmərəliliyinin yüksəldilməsi məsələsi kimi təqdim edir.

Bərpaolunan enerjinin iqtisadi potensialı yalnız elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır. Burada enerji ötürmə xətləri, akkumulyasiya sistemləri, şəbəkə infrastrukturunun yenilənməsi və elektrik enerjisinin regional bazarlara çıxarılması kimi məsələlər də mühüm rol oynayır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin məhz ötürücü xətlər və enerji saxlanc imkanlarına diqqət yetirməsi bərpaolunan enerji siyasətinin kompleks yanaşma üzərində qurulduğunu göstərir.

Bu strategiyanın daha geniş iqtisadi nəticəsi isə enerji ilə yeni texnologiyaların birləşdirilməsi ola bilər. Süni intellekt sistemləri və data mərkəzləri böyük elektrik enerjisi tələb edir. Buna görə Azərbaycanın bərpaolunan enerji potensialının rəqəmsal iqtisadiyyatla əlaqələndirilməsi yeni investisiya imkanları yarada bilər. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda enerji, rəqəmsallaşma və süni intellekt arasında əlaqə qurması bu istiqamətin gələcək iqtisadi siyasətdə ayrıca yer tutacağını göstərən mühüm mesajdır.

Günel Kərimova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button