
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşımıza əbədi həkk olundu. 44 gün davam edən və Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan bu müharibə xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin, Azərbaycan Ordusunun rəşadətinin və Vətən sevgisinin parlaq təcəssümünə çevrildi. Bu Qələbə ilə Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi və tarixi ədaləti təmin etdi.
Vətən müharibəsi Azərbaycan tarixində yalnız hərbi qələbə kimi deyil, həm də xalq-dövlət-ordu birliyinin ən yüksək ifadəsi kimi xüsusi yer tutur. Müharibənin ilk günlərindən etibarən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək öz iradəsini və həmrəyliyini nümayiş etdirdi. Cəmiyyətin bütün təbəqələri eyni amal uğrunda səfərbər oldu. Azərbaycan əsgəri ön cəbhədə qəhrəmanlıq göstərdiyi halda, xalqımız arxa cəbhədə onun mənəvi dayağına çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması ilə başlayan hərbi əməliyyatlar Azərbaycanın əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Elə həmin gün xalqa müraciət edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın haqq yolunda olduğunu və zəfər çalacağını bəyan etdi. Dövlət başçısının “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri xalqın mübarizə əzmini daha da gücləndirdi.
Müharibənin hər günü Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə çevrildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Suqovuşan və yüzlərlə yaşayış məntəqəsi azad edildi. Lakin Vətən müharibəsinin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, Şuşanın azad olunması oldu. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Azərbaycanın Zəfər yolunda həlledici mərhələ oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin ilk günündən son gününədək Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedib və 44 gün ərzində bir gün belə geri addım atmayıb. Dövlət başçısı bu Qələbəni şərtləndirən əsas amillər sırasında güclü iradəni, Vətən sevgisini və hərbçilərimizin peşəkarlığını xüsusi vurğulayıb.
Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Prezident İlham Əliyev Zəfər paradında çıxışı zamanı bu fikri xüsusilə ifadə edərək bildirib ki, 44 günün hər günü şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər və qəsəbələr azad edilirdi. Bu sözlər Vətən müharibəsinin mahiyyətini və xalqımızın qarşısında duran tarixi missiyanı aydın şəkildə ifadə edir. Azərbaycan əsgəri işğala və haqsızlığa son qoymaq, tarixi ədaləti bərpa etmək üçün mübarizə aparırdı və bu müqəddəs amal uğrunda öz canını belə əsirgəmirdi.
Bu böyük Zəfərin arxasında minlərlə qəhrəman Azərbaycan övladının canı və qanı dayanır. Şəhidlərimiz Vətənin azadlığı naminə ən ali fədakarlıq nümunəsi göstərdilər. Onlar öz həyatlarını xalqımızın gələcəyi, Azərbaycanın ərazi bütövlüyü və dövlətimizin suverenliyi naminə qurban verdilər. Bu baxımdan şəhidlərimizin adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı gələcək nəsillər üçün Vətənə sədaqətin və milli məfkurəyə bağlılığın ən böyük nümunəsidir.
Prezident İlham Əliyev dəfələrlə şəhidlərimizin xatirəsinə yüksək ehtiramını ifadə edib. 27 sentyabrın Anım Günü kimi təsis edilməsi də dövlətimizin şəhidlərimizin xatirəsinə verdiyi yüksək qiymətin göstəricisidir. Dövlət başçısı vurğulayıb ki, şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. O, həmçinin Vətən müharibəsini Azərbaycanın şanlı tarixi adlandıraraq bu Qələbənin tarixdə əbədi qalacağını bildirib.
Şəhidlərimiz qədər qazilərimiz də Vətən müharibəsinin qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Onlar döyüş meydanında yaralanaraq Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdilər. Qazilərimizin hər biri Azərbaycan Ordusunun qəhrəmanlığının canlı nümunəsidir. Onların keçdiyi döyüş yolu, göstərdiyi fədakarlıq və Vətənə bağlılığı gənc nəsil üçün böyük örnəkdir.
Vətən müharibəsinin ilk günlərində yaralı hərbçilərlə görüşən Prezident İlham Əliyev onların Vətən uğrunda döyüşdüyünü və Azərbaycanın haqq işini müdafiə etdiyini bildirmiş, şəhid ailələrinə dövlət tərəfindən daim xüsusi diqqət göstərildiyini vurğulamışdı. Dövlət siyasətinin mühüm istiqamətlərindən biri də şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının təmin edilməsidir.
Vətən müharibəsi Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin və dövlət quruculuğunun məntiqi nəticəsi kimi də qiymətləndirilməlidir. Güclü iqtisadiyyat, qüdrətli ordu, yüksək müdafiə potensialı, beynəlxalq nüfuz və ən başlıcası, xalqın milli birliyi Zəfərin əsas dayaqlarını təşkil etdi. Azərbaycan Ordusunun müasir silah və texnologiyalarla təchiz edilməsi, hərbçilərin peşəkarlığının artırılması və ordu quruculuğuna göstərilən diqqət Vətən müharibəsi zamanı öz nəticəsini verdi.
Bu Qələbə həm də Azərbaycan xalqının ədalətə və tarixi həqiqətə olan inamının təntənəsi idi. Azərbaycan illər ərzində bütün beynəlxalq platformalarda öz haqq mövqeyini müdafiə etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etdi. Lakin Ermənistanın işğalı davam etdirməsi və yeni hərbi təxribatlara əl atması müharibəni qaçılmaz etdi. Azərbaycan Ordusu isə 44 gün ərzində öz gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirərək işğalçı qüvvələri məğlubiyyətə uğratdı.
Vətən müharibəsində qazanılan Zəfər xalqımızın milli qürur hissini daha da yüksəltdi. Azərbaycan artıq tarixinin ən ağır səhifələrindən birini qalib dövlət kimi geridə qoydu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqı bu Qələbə ilə öz milli ləyaqətini bərpa etdi və müzəffər xalq kimi tarixə yeni səhifə yazdı.
Bu gün 27 sentyabr Azərbaycan xalqı üçün həm hüzn, həm də qürur günüdür. Bu tarix Vətən müharibəsinin başlanmasını, şəhidlərimizin göstərdiyi qəhrəmanlığı və xalqımızın Zəfərə aparan yolunu xatırladır. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizin qəhrəmanlığı ilə qürur duyuruq.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlərimiz və qazilərimiz isə əbədi qürur mənbəyimizdir. Bu Qələbənin qiyməti yalnız azad edilmiş torpaqlarla ölçülmür. Bu Zəfər Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və Vətən sevgisinin təntənəsidir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix gələcək nəsillərə əmanətdir. Onların müqəddəs xatirəsini yaşatmaq, qazilərimizə ehtiram göstərmək və Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və dövlətçiliyini daha da möhkəmləndirmək hər birimizin mənəvi borcudur.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də Vətən müharibəsində əldə edilmiş Zəfərin davamıdır. İşğaldan azad edilmiş ərazilərimiz yenidən dirçəlir, doğma yurdlarına qayıdan insanlar öz torpaqlarında yeni həyat qururlar. Beləliklə, şəhidlərimizin uğrunda can verdiyi torpaqlar həyatın, quruculuğun və inkişafın məkanına çevrilir.
Vətən müharibəsinin Zəfəri Azərbaycan tarixində əbədi yaşayacaq. Bu tarix bizə göstərdi ki, milli birlik, güclü dövlət, qüdrətli ordu və Vətən sevgisi qarşısında heç bir maneə dayana bilməz. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin rəşadəti bundan sonra da xalqımızın qürur mənbəyi olacaq. Qarabağ uğrunda əldə edilən tarixi Zəfər isə Azərbaycan dövlətinin və xalqının yaddaşında əbədi olaraq yaşayacaq.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



