
İnvestisiya yalnız maliyyə vəsaitinin bir ölkədən digərinə yönəlməsi deyil, həm də etimadın, əməkdaşlığın və gələcəyə inamın ifadəsidir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə də bu məqam xüsusi mahiyyət qazandı. Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri mövcud iqtisadi potensialı qorumaqla yanaşı, uzunmüddətli və dayanıqlı inkişaf üçün yeni imkanlar yaratmaq kimi təqdim edildi. Dövlət başçısının sözlərinə görə, əvvəlki illərdə görülmüş işlər ölkənin gələcək iqtisadi inkişafı üçün ilkin şərtlər yaradıb.
Azərbaycanın investisiya siyasətində enerji sektoru mühüm yer tutmaqda davam edir. Bununla yanaşı, ölkənin iqtisadi gələcəyinin yalnız bir sahədən asılı olmaması üçün şaxələndirmə istiqamətində işlərin aparıldığı vurğulandı. Bərpaolunan enerji mənbələrinin inkişafı, yeni elektrik generasiya imkanlarının yaradılması və enerjinin regional bazarlara çıxarılması qarşıdakı dövr üçün diqqət çəkən istiqamətlər kimi səsləndi. Xəzər dənizindəki külək enerjisi potensialı Azərbaycanın yaşıl enerji sahəsində imkanlarının genişliyini göstərən əsas faktorlardan biri kimi qeyd edildi.
Digər tərəfdən, Azərbaycanın nəqliyyat və logistika imkanları da ölkənin iqtisadi xəritəsində getdikcə daha böyük əhəmiyyət qazanır. Dəmir yollarının inkişafı, limanların genişləndirilməsi, hava və avtomobil nəqliyyatı infrastrukturunun yenilənməsi ölkəni regional bağlantıların mühüm halqasına çevirən amillər sırasında göstərildi. Prezident İlham Əliyev xüsusilə qonşu dövlətlərlə münasibətlərin və regional əməkdaşlığın tranzit imkanlarının reallaşdırılmasında əhəmiyyətini vurğuladı. Bu yanaşma Azərbaycanın öz coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək siyasətinin mühüm istiqamətini təşkil edir.
Forumda səslənən fikirlər Azərbaycanın qarşıdakı illərdə investisiya siyasətində həm ənənəvi, həm də yeni sahələri paralel şəkildə inkişaf etdirmək niyyətini göstərdi. Neft-qaz sektorunda yeni layihələrin davam etdirilməsi ilə yanaşı, qeyri-neft iqtisadiyyatının, texnologiyaların, rəqəmsal imkanların və insan kapitalının inkişafı da ön plana çəkildi. Prezidentin çıxışında Azərbaycanın beynəlxalq şirkətlər üçün açıq olması və uzunmüddətli tərəfdaşlığın vacibliyi xüsusi yer aldı. Beləliklə, investisiya siyasəti ölkənin iqtisadi gələcəyinə yönəlmiş genişmiqyaslı inkişaf xəttinin əsas sütunlarından biri kimi təqdim edildi.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



