
Azərbaycanın iqtisadi inkişafında enerji amili tarixən xüsusi rol oynayıb. Lakin yeni dövr enerji anlayışına daha geniş baxışı tələb edir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışında da ənənəvi enerji resurslarının əhəmiyyəti ilə yanaşı, bərpaolunan enerji potensialına xüsusi diqqət ayrılması bu dəyişimin mühüm göstəricisi oldu. Dövlət başçısı Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi imkanlarına malik olduğunu və qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin ölkənin müxtəlif ərazilərində daha geniş tətbiq ediləcəyini bildirdi.
Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycanın enerji strategiyasında neft və qaz gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi ilə yanaşı, yeni enerji imkanlarının yaradılması da nəzərdə tutulur. Beləliklə, enerji sektoru yalnız ixrac gəlirlərinin mənbəyi kimi deyil, həm də yeni sənaye və texnologiyaların inkişafına təkan verən mühüm platforma kimi çıxış edir. Prezidentin çıxışında neft-qaz sektorunun ölkə iqtisadiyyatında rolunu qoruyacağı, əldə olunan gəlirlərin isə yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcəyi bildirildi.
Azərbaycanın yaşıl enerji imkanları regional əməkdaşlıq perspektivi ilə də əlaqələndirildi. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi istiqamətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq, eləcə də Qara dəniz kabeli layihəsi Azərbaycanın enerji ixracında yeni istiqamətlərin yaranmasına imkan verə biləcək layihələr kimi təqdim edildi. Bu layihələr yalnız enerji istehsalı məsələsi deyil, həm də ölkələr arasında yeni iqtisadi əlaqələrin, investisiya imkanlarının və texnoloji əməkdaşlığın formalaşması baxımından əhəmiyyət daşıyır.
Belə bir mənzərə Azərbaycanın enerji xəritəsində yeni səhifənin açıldığını göstərir. Neft və qazın yaratdığı iqtisadi imkanlar ölkənin inkişafında mühüm rol oynamaqda davam edir, lakin paralel olaraq külək, günəş və elektrik ötürülməsi kimi istiqamətlər yeni investisiya məkanı formalaşdırır. Bu baxımdan forumda səslənən fikirlər enerji təhlükəsizliyi, iqtisadi şaxələndirmə və regional bağlantıların bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirildiyini göstərdi. Azərbaycanın enerji gələcəyi beləliklə həm milli iqtisadi inkişaf, həm də daha geniş regional əməkdaşlıq kontekstində təqdim edildi.
Yasəmən Vəliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



