
Bu tarixi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın rəmzidir.Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başladı. Ali Baş Komandanın rəhbərliyi ilə başlayan “Dəmir Yumruq” əks-hücum əməliyyatı sadəcə bir hərbi münaqişə deyil, otuz illik yurd həsrətinə, ədalətsizliyə və torpaqlarımızın işğalına son qoyan bir müqəddəs savaş idi. 27 sentyabr – milli dirçəlişin, sarsılmaz birliyin və böyük qayıdışın ilk günü kimi tarixləşdi.Müharibələr itkisiz olmur, lakin bəzi itkilər xalqları əymir, əksinə, daha da ucaldır. Vətən Müharibəsində qazanılan tarixi qələbə bizə canı və qanı baha başa gələn 3 minə yaxın şəhidimizin fədakarlığı sayəsində mümkün oldu.
Onlar arasında müəllimlər, mühəndislər və ən əsası, sıralarından çıxdıqları universitet auditoriyalarını səngərlərə dəyişən qəhrəman tələbələr var idi.Şəhidlik – Vətənə olan sevginin ən ali, ən pak formasıdır. 27 Sentyabr Anım Günündə biz həm də onu dərk edirik ki, bu gün Şuşada, Ağdamda, Xankəndidə və işğaldan azad edilmiş digər müqəddəs torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız məhz o şəhidlərin canı, qazilərimizin qanı hesabına ucaldılıb. Onların göstərdiyi şücaət hər bir azərbaycanlı gənc üçün bir həyat və vətənpərvərlik məktəbidir.Azərbaycanın 44 günlük müharibədə nümayiş etdirdiyi ən böyük güc onun daxili birliyi oldu. Siyasi baxışından, sosial statusundan asılı olmayaraq hər bir vətəndaş bir yumruq kimi birləşdi. Arxa cəbhədə göstərilən fədakarlıq, xalqın öz ordusuna olan sarsılmaz inamı və dövlət başçısının qətiyyətli diplomatik gedişləri qələbəni qaçılmaz etdi.27 Sentyabr fəryad və matəm günü deyil. Bu gün fəxarət, qürur və dərin ehtiram günüdür.
Biz şəhidlərimizi göz yaşları ilə deyil, onların bizə əmanət etdiyi bütöv və qüdrətli Azərbaycanı daha da inkişaf etdirmək andı ilə anırıq. Məhz bu rəşadətin nəticəsidir ki, bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, “Ağıllı kəndlər”, beynəlxalq hava limanları tikilir və soydaşlarımız öz doğma yurdlarına qayıdırlar.27 Sentyabr Anım Günü – milli yaddaşımızın yeniləndiyi, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün sarsılmazlığının bəyan edildiyi müqəddəs bir tarixdir.
Şəhidlərimizin ruhu qarşısında baş əyərək, onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı hər zaman öz qəhrəman övladları ilə fəxr edəcək və bu Zəfəri qorumaq üçün hər bir gənc elmi, savadı və əməli ilə dövlətinə xidmət etməyə davam edəcəkdir.
İbrahimova Aytən,
YAP fəalı ADPU müəllim



