AnalitikaGündəmSiyasət

27 Sentyabr – Anım Günü: Zəfərə aparan qəhrəmanlıq yolu

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm dərin hüzn, həm də böyük qürur hissi ilə yaşanan mühüm tarixlərdən biridir. Bu gün torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir. Onların qəhrəmanlığı və fədakarlığı Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir.

Anım Günü yalnız şəhidlərimizi xatırlamaq deyil, həm də onların uğrunda mübarizə apardığı Vətən, dövlətçilik və milli birlik dəyərlərini dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı bu yolda böyük itkilər verib, ağır sınaqlardan keçib. Lakin bütün bu çətinliklər xalqımızın Vətən sevgisini və torpaqlarımıza bağlılığını daha da möhkəmləndirib.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğal altında qalması ilə barışmayıb. Münaqişənin sülh yolu ilə həllinə dair aparılan danışıqlar isə real nəticə verməyib. Ermənistanın işğal siyasəti və hərbi təxribatları vəziyyəti daha da gərginləşdirib. Beynəlxalq səviyyədə qəbul olunmuş sənədlərin icrasının təmin edilməməsi isə “ikili standartlar” məsələsini gündəmə gətirib.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına Azərbaycan Ordusunun cavabı 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Həmin gün Azərbaycan xalqı bir daha dövlətinin və ordusunun ətrafında sıx birləşdi. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar Vətənin müdafiəsi üçün səfərbər oldu.

Müharibə günlərində hər bir Azərbaycan ailəsi cəbhədən gələn xəbərləri böyük həyəcanla izləyirdi. Şəhid xəbərləri dərin ağrı yaratsa da, xalqımızın Qələbəyə inamını sarsıtmırdı. “Öldü var, döndü yoxdur” ifadəsi həmin dövrdə Vətən uğrunda döyüşən əsgər və zabitlərimizin fədakarlığının rəmzinə çevrilmişdi.

Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması isə Vətən müharibəsinin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü. 44 günlük müharibə Azərbaycan xalqının həmrəyliyini, ordumuzun gücünü və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev Anım Günü ilə bağlı çıxışında şəhidlərimizin qəhrəmanlığını xüsusi vurğulayaraq deyib: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”

Zəfərdən sonra dövlət qarşısında yeni vəzifələr meydana çıxdı. Azad edilmiş ərazilərin bərpası ilə yanaşı, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi də dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Onların mənzil, məşğulluq, müalicə və digər sosial məsələlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz bu Qələbəyə görə onlara borcluyuq.” Bu borc şəhidlərin xatirəsini yaşatmaq, qazilərimizə qayğı göstərmək və onların ailələrini daim diqqətdə saxlamaqla ifadə olunur.

27 Sentyabr bizə bir daha xatırladır ki, Azərbaycanın əldə etdiyi Zəfərin arxasında minlərlə şəhidimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi dayanır. Bu gün şəhidlərimizin qarşısında baş əyir, onların bizə əmanət etdiyi Vətəni qorumağın məsuliyyətini bir daha dərk edirik.

Şəhidlərimizin adı Azərbaycanın tarixində əbədi yaşayacaq. Onların qəhrəmanlığı gələcək nəsillər üçün Vətən sevgisinin və fədakarlığın ən böyük nümunələrindən biri olaraq qalacaq.

Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button