AnalitikaGündəmSiyasət

Anım Günü dərin ehtiramın ifadəsidir

2020-ci il sentyabr ayının 27-də təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində tamamilə yeni bir səhifənin açılmasına səbəb olmuş tarixi qərar qəbul olundu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda erməni faşizminə qarşı Zəfər yürüşünə başladı. 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. Nəticədə ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu həllinə çalışmışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Bu dövrdə yalnız tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi. Düzdür, müharibə bizim seçimimiz deyildi, biz tarixən və 27 sentyabra qədər, eləcə də işğala, təcavüzə, haqsızlığıa, ədalətsizliyə məruz qalan tərəf olsaq da, daim sülh mövqeyindən çıxış edir, daim sülhdən, barışdan yana idik. Amma gözlərini qan bürümüş, qanla bəslənmiş ermənilər və onların faşist, təxribatçı rəhbərləri üzündən müharibə, hərb yolunu seçdik. Vətən müharibəsi Qələbəsi təkcə işğal altında olan torpaqların azad edilməsi deyil, millətin dirçəlişi, oyanışı, özünə qayıdışının mənəvi simvolu oldu.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Artıq 6 ildir bu gün “Anım günü” kimi qeyd olunur.

Bu gün şəhidlərimizi yad edərkən yalnız onların qəhrəmanlığından danışmırıq. Həm də onların geridə qoyduğu ailələrini düşünürük. Bir ananın övladına, bir atanın oğluna, bir uşağın atasına olan həsrətini heç bir söz ifadə edə bilməz. Şəhid ailələrinin qəlbindəki boşluğu heç nə doldura bilməz. Lakin onların övladlarının bu Vətən üçün göstərdiyi fədakarlığı unutmamaq, adlarını yaşatmaq hər birimizin mənəvi borcudur.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button