AnalitikaGündəmSiyasət

27 Sentyabr – Qürurumuzun danışdığı gün

Hər xalqın tarixində elə günlər var ki, həmin tarixlər sadəcə təqvimdəki bir gün olmaqdan çıxaraq milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 27 Sentyabr da Azərbaycan xalqının yaddaşında belə müqəddəs və mənəvi əhəmiyyət daşıyan tarixlərdəndir. Bu gün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. 27 Sentyabrın Anım Günü kimi təsis edilməsi şəhidlərimizin müqəddəs xatirəsinə dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini yazdı. 44 gün davam edən müharibə xalqımızın birliyini, Ordumuzun gücünü və Vətən sevgisinin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Tarixi Zəfərin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaət, xüsusilə də Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı mühüm rol oynadı. Onlar öz həyatlarını Azərbaycanın ərazi bütövlüyünün bərpası və gələcək nəsillərin azad, firavan yaşaması naminə fəda etdilər.

Şəhidlik Vətən qarşısında ən böyük fədakarlıq nümunəsidir. Şəhidlərimizin adı və göstərdikləri qəhrəmanlıq illər keçdikcə unudulmayacaq, əksinə, yeni nəsillərin milli yaddaşında daim yaşayacaq. Anım Günü bizə həm keçmişimizi xatırladır, həm də Vətən qarşısında məsuliyyətimizi bir daha dərk etməyə çağırır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycan xalqının milli iradəsinin və Ordumuzun gücünün təntənəsi oldu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin müqəddəs arzularının gerçəkləşməsinin rəmzlərindəndir.

27 Sentyabr həm də bizə xatırladır ki, Vətən yalnız xəritədə müəyyən edilmiş sərhədlərdən ibarət deyil. Vətən doğulduğumuz torpaq, yaşatdığımız milli dəyərlər, qoruduğumuz tarix və gələcək nəsillərə ötürdüyümüz müqəddəs əmanətdir. Şəhidlərimiz məhz bu əmanətin qorunması uğrunda canlarını fəda etdilər.

Anım Günü kədərin olduğu qədər qürurun da günüdür. Çünki Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həyatını fəda edən qəhrəmanların adı Azərbaycan tarixində əbədi yaşayacaq. Onların yazdığı qəhrəmanlıq salnaməsi gələcək nəsillər üçün həm örnək, həm də müqəddəs əmanət olacaq.

Bu əlamətdar gündə bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların müqəddəs ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Onların müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq. Çünki bəzi adlar tarixə yazılmır – tarix onların adı ilə yazılır.

Tamerlan Qurbanov,
YAP Siyəzən Rayon Təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button