AnalitikaGündəmSiyasət

27 Sentyabr – Zəfər Yolunun Başlanğıcı

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi və müqəddəs yer tutan günlərdən biridir. Bu tarix Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi Anım Günü kimi qeyd olunur. 27 Sentyabr həm də 44 günlük Vətən müharibəsinin başladığı, xalqımızın taleyində mühüm dönüş nöqtəsinin yarandığı gündür. Həmin gündən etibarən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları yeni tarixi mərhələnin əsasını qoydu.

Azərbaycan uzun illər ərzində torpaqlarının işğaldan azad olunacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə inanaraq öz prinsipial mövqeyini qorudu. Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar gözlənilən nəticəni vermədi. Nəticədə Azərbaycan dövləti öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hərbi-siyasi imkanlarından istifadə etməli oldu.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsini, həmrəyliyini və dövlətçilik əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən etibarən cəmiyyətin bütün təbəqələri Azərbaycan Ordusunun ətrafında sıx birləşdi. Ölkənin müxtəlif bölgələrindən olan insanlar eyni amal – Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə birlik nümayiş etdirdilər. Bu birlik xalqımızın tarix boyu formalaşmış milli-mənəvi dəyərlərinin mühüm göstəricisi idi.

Vətən müharibəsində Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti böyük qəhrəmanlıq və fədakarlıq göstərdi. Döyüş meydanlarında göstərilən şücaət nəticəsində şəhər və kəndlərimiz işğaldan azad edildi. Hər bir azad olunan yaşayış məntəqəsi Azərbaycan xalqı üçün böyük sevinc, şəhid ailələri üçün isə həm qürur, həm də müqəddəs xatirə demək idi. Bu Zəfər Azərbaycan tarixində yeni səhifə açdı.

Lakin əldə olunan Zəfərin arxasında böyük itkilər və ağır sınaqlar dayanır. Azərbaycanın minlərlə igid oğlu Vətənin azadlığı uğrunda şəhid oldu. Onlar öz həyatlarını xalqımızın gələcəyi, dövlətimizin ərazi bütövlüyü və milli təhlükəsizliyimiz naminə qurban verdilər. Buna görə də 27 Sentyabr ilk növbədə şəhidlərimizin xatirəsinin yad edilməsi, onların ailələrinə və yaxınlarına ehtiram göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Şəhidlər bizim üçün yalnız keçmişin qəhrəmanları deyil. Onların həyat yolu, Vətən sevgisi və fədakarlığı gənc nəsil üçün böyük örnəkdir. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların keçdiyi döyüş yolunun öyrənilməsi və gələcək nəsillərə çatdırılması mühüm mənəvi və vətəndaşlıq vəzifəsidir. Çünki xalqın tarixi yalnız qələbələrlə deyil, həmin qələbələrin əldə olunması naminə göstərilən fədakarlıqlarla da yazılır.

27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm qürur, həm də milli birlik rəmzi olaraq yaşayacaq. Bu gün biz Vətənimizin ərazi bütövlüyü uğrunda həyatını itirən bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların ailələri qarşısında baş əyirik. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olaraq daim yaşayacaq.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button