AnalitikaGündəmSiyasət

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib

22 sentyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində qarşıya qoyulan növbəti hədəflərdən biri zəngin mineral resurslarımızdan daha səmərəli istifadə etməklə ölkə daxilində əlavə dəyərin artırılmasıdır. Burada əsas məsələ yalnız hasilatın artırılması ilə məhdudlaşmır. Xammalın emalından son məhsula qədər tam dəyər zəncirinin formalaşdırılması, müasir texnologiyaların tətbiqi, yerli istehsalın genişləndirilməsi və ixrac imkanlarının artırılması Azərbaycanın sənaye siyasətində yeni imkanlar yaradır. Bu yanaşma Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi sənayeləşmə və qeyri-neft sektorunun inkişafı siyasətinin məntiqi davamıdır.

Xüsusilə metallurgiya sənayesinin inkişafı ölkənin sənaye potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, həmçinin iqtisadiyyatın daha yüksək əlavə dəyər yaradan sahələr hesabına inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müşavirədə qeyd edilib ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafından gözləntilər yalnız yeni iş yerləri və istehsal müəssisələri ilə məhdudlaşmır. İxrac potensialının genişlənməsi, dövlət büdcəsinə vergi daxilolmalarının artması və ölkəyə əlavə valyuta gəlirlərinin daxil olması iqtisadi nəticələrin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyev gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyini bildirərək layihələrin miqyasına diqqət çəkib. Bu göstərici proqramın ölkə iqtisadiyyatı üçün potensial əhəmiyyətini nümayiş etdirir.

Azərbaycanda dağ-mədən sənayesinin indiyədək lazımi səviyyədə inkişaf etməməsinin müəyyən səbəbləri olub. Dövlətimizin başçısının dediyi kimi, bir çox yataqlar 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Eyni zamanda, bizim təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Sovetlər dövründə isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılsa da, Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə respublika ərazisindəki bir çox perspektivli yataqlar hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu baxımdan yeni Dövlət Proqramının qəbulu çox əhəmiyyətlidir.

İlkin olaraq işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması nəzərdə tutulur. Əsasən, bu sıraya Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqları daxildir. Prezidentin dediyi kimi, Ağdərə rayonunda artıq işlərə başlanılıb. Yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan yataqlarda istismar artıq başlanılacaq. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi də məhz dağ-mədən sənayesinin inkişafıdır.

Ölkəmizin bu gün dağ-mədən və metallurgiya kimi yüksək maliyyətutumlu və böyük enerji tələb edən sahələrə milyardlarla manat sərmayə yönəldə bilməsi təsadüfi deyildir. Bu gün əldə edilən nailiyyətlər son 20 il ərzində təməli qoyulmuş sarsılmaz infrastruktur bazasına dayanır.

Dövlət Proqramının 2027-2030-cu illəri əhatə etməsi isə qarşıdakı dövr üçün ardıcıl və sistemli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Proqram çərçivəsində nəzərdə tutulan layihələrin mərhələli şəkildə həyata keçirilməsi dağ-mədən və metallurgiya sənayesində yeni istehsal imkanlarının formalaşmasına, regionların iqtisadi fəallığının artmasına və sənaye potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button