Zəfər diplomatiyası: Mübarizənin informasiya və siyasi cəbhəsi

Vətən müharibəsində əldə olunan tarixi Qələbə yalnız döyüş meydanındakı hərbi şücaətlə deyil, həm də eyni vaxtda aparılan gərgin diplomatik və informasiya mübarizəsi ilə təmin olundu. 44 gün ərzində hərbi əməliyyatlarla yanaşı, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması və Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi Zəfərin mühüm tərkib hissəsinə çevrildi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müharibə dövründə xarici KİV-lərə verdiyi onlarla müsahibə informasiya cəbhəsində dönüş nöqtəsi oldu. Dünyanın aparıcı media qurumlarının qərəzli və təxribatçı suallarına dəqiq, məntiqli və beynəlxalq hüquqa əsaslanan cavabların verilməsi Ermənistanın illər boyu formalaşdırdığı yalançı dezinformasiya şəbəkəsini darmadağın etdi. Azərbaycanın öz torpaqlarında ədaləti və ərazi bütövlüyünü bərpa etdiyi faktı dünya ictimaiyyətinə çatdırıldı.
Eyni zamanda, beynəlxalq platformalarda və siyasi müstəvidə göstərilən diplomatik təzyiqlərə qarşı nümayiş etdirilən möhkəm iradə Azərbaycanın hərbi uğurlarının siyasi müstəvidə də təsbit olunmasına imkan yaratdı. Döyüş meydanında qazanılan üstünlük diplomatik masa arxasında Azərbaycanın şərtlərinin diktə olunmasını təmin etdi.
27 Sentyabr Anım Günündən başlayan bu şanlı yol göstərdi ki, müasir dövrdə Qələbə yalnız hərbi güclə deyil, həm də siyasi zəka, informasiya üstünlüyü və milli həmrəyliyin vəhdəti ilə qazanılır. Bu təcrübə Azərbaycanın dövlətçilik və diplomatiya tarixinə ən parlaq nümunələrdən biri kimi həkk olundu.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



