Şəhidlərin qanı ilə yazılan Zəfər salnaməsi

Vətən müharibəsinin tarixini yalnız hərbi əməliyyatların xəritəsi ilə izah etmək mümkün deyil. Bu tarix hər şeydən əvvəl insan talelərinin, şəhidlərin, qazilərin və döyüşçülərin fədakarlığının salnaməsidir. Azərbaycan Ordusunun hər bir addımında Vətən sevgisi və torpaqların azad edilməsi iradəsi dayanırdı.
27 Sentyabrın Anım Günü kimi qeyd olunması da məhz bu reallığın nəticəsidir. Dövlət başçısının Sərəncamında torpaqların şəhidlərin, əsgər və zabitlərin, qazilərin qanı və canı bahasına azad edildiyi xüsusi vurğulanır. Bu baxımdan Anım Günü Zəfərin yalnız sevincini deyil, onun ağır mənəvi qiymətini də xatırladır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti şəhidlərin və qazilərin xatirəsinin yaşadılması istiqamətində müxtəlif layihələr həyata keçirib. Bakıdakı Zəfər parkı və burada yaradılan memorial məkanlar Vətən müharibəsinin yaddaşının qorunmasına xidmət edir. Zəfər parkında şəhidlərin adlarının əbədiləşdirilməsi də bu yaddaşın mühüm elementidir.
Şəhidlərin xatirəsini yaşatmaq yalnız abidələr ucaltmaqla məhdudlaşmır. Əsl ehtiram onların uğrunda canlarından keçdikləri Azərbaycanın daha güclü, təhlükəsiz və inkişaf etmiş dövlət kimi gələcəyə doğru irəliləməsidir. Buna görə Anım Günü hər bir vətəndaş üçün tarixə, Vətənə və şəhidlərin müqəddəs əmanətinə sədaqət rəmzidir.
İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini



