
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı ildə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirən mühüm hadisə oldu. Dövlət Proqramının təsdiq edilməsi ilə Azərbaycanın zəngin mineral resurslarından daha səmərəli istifadə, xammalın ölkə daxilində emalının genişləndirilməsi və yüksək əlavə dəyər yaradılması istiqamətində qarşıya konkret hədəflər qoyuldu.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məqamlardan biri son illərdə ölkədə yaradılmış güclü infrastruktur və enerji potensialıdır. Dövlət başçısının qeyd etdiyi kimi, əvvəlki dövrlərdə Azərbaycan həm təbii qaz, həm də elektrik enerjisi idxal edən ölkə olduğu halda, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün tamamilə fərqli mənzərə formalaşıb. Hazırda ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb, Azərbaycan isə 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir.
Bu göstəricilər Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün də möhkəm baza yaradıldığını göstərir. Ölkə başçısı İlham Əliyev çıxışında enerji sahəsində vaxtında atılan addımların ölkəni qlobal enerji bazarındakı mümkün risklərdən sığortaladığını bildirib.
Azərbaycanın enerji sahəsində əldə etdiyi nəticələr artıq yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır. Ölkə həm də mühüm enerji ixracatçısına çevrilib. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, yeni sənaye sahələrinin yaradılması və qeyri-neft sektorunun ixrac imkanlarının artırılması üçün əlverişli şərait formalaşdırır.
Dövlət Proqramının qarşıya qoyduğu hədəflər də kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə bu məqsədlərə nail olmaq üçün ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi planlaşdırılır.
Beləliklə, Azərbaycanın enerji sektorunda formalaşdırdığı güclü potensial yeni sənaye mərhələsi üçün etibarlı təməl rolunu oynayır. Ölkənin yüksək qazlaşma səviyyəsi, artan enerji istehsalı və 25 milyard kubmetrdən çox qaz ixracı ilə xarakterizə olunan enerji imkanları iqtisadiyyatın müxtəlif sahələrinin dayanıqlı inkişafına xidmət edir.
Bu baxımdan 2027–2030-cu illər üçün Dağ-mədən və Metallurgiya Sənayesinin İnkişafına dair Dövlət Proqramı Azərbaycanın təbii sərvətlərdən daha səmərəli istifadə etməsinə, xammaldan son məhsula qədər daha geniş dəyər zəncirlərinin yaradılmasına və qeyri-neft sektorunun ixrac potensialının artırılmasına yönəlmiş mühüm strateji sənəddir.
Prezident İlham Əliyevin çıxışında da ifadə olunduğu kimi, son 20 ildə yaradılmış infrastruktur və enerji imkanları qarşıdakı inkişaf mərhələsi üçün möhkəm baza formalaşdırıb. Bu gün Azərbaycanın iqtisadi potensialını yeni istiqamətlər üzrə daha da gücləndirməkdir.
Ramilə Seyidova – YAP Siyəzən rayon təşkilatının sədr müavini



