AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq sistemli xarakter alıb

Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və ortaq maraqların beynəlxalq müstəvidə daha geniş şəkildə ifadə olunması baxımından mühüm təşkilatlardan biridir. Son illərdə təşkilatın fəaliyyəti yalnız mədəni və humanitar sahələrlə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsallaşma, təhlükəsizlik, təhsil və digər istiqamətlər üzrə əməkdaşlığı da əhatə edir. Bu baxımdan TDT-nin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün malik olduğu potensialdan geniş istifadə etməsi xüsusi əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatının əsas üstünlüklərindən biri üzv və müşahidəçi dövlətlər arasında mövcud olan tarixi, dil, mədəniyyət və mənəvi yaxınlıqdır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi dövlətlərin təşkilat çərçivəsində əməkdaşlığı ümumi maraqların daha effektiv şəkildə həyata keçirilməsinə imkan yaradır. Şimali Kipr Türk Respublikası, Türkmənistan və digər tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi də türk dünyasında əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

TDT-nin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün diplomatik əlaqələrin genişləndirilməsi də vacibdir. Təşkilat müxtəlif beynəlxalq və regional qurumlarla əməkdaşlıq imkanlarından istifadə etməklə türk dövlətlərinin mövqelərinin daha geniş platformalarda ifadə olunmasına şərait yaradır. Qarşılıqlı məsləhətləşmələrin və diplomatik koordinasiyanın gücləndirilməsi üzv dövlətlərin ümumi maraq doğuran məsələlərdə daha fəal əməkdaşlıq etməsinə imkan verə bilər.

Azərbaycan dövləti respublika kimi qurulduğu andan, yəni 1918-ci ildən üzü bəri Türk dünyasının inteqrasiyası üçün əlindən gələni edib. Hətta 1920-ci ildə Rusiyanın bizi yenidən işğal etməsinə baxmayaraq, Azərbaycan dövləti türk xalqlarının inteqrasiyası, Türk dünyası üçün çalışıb. Xüsusilə də Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə biz bu prosesin necə sürətləndiyini görmüşük. Yəni o vaxtkı adı ilə respublikanın rəhbəri olan Heydər Əliyev əlindən gələni edirdi ki, Azərbaycan ortalıqda tək bir türk dövləti kimi, respublika kimi qalmasın. O, digər türk respublikaları ilə də çox gözəl münasibətlər qurmuş, inteqrasiya proseslərinə töhfə vermişdi.

Prezident İlham Əliyevin yorulmaz səyləri ilə Türk dünyasının daha sıx inteqrasiyası üçün addımlar atılır.Yəni biz son günlər Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində gələn nümayəndə heyətlərini qəbul etdiyi zaman səsləndirdiyi fikirlərə diqqət yetirsək, görəcəyik ki, artıq Azərbaycan bu istiqamətdə çox qətiyyətli mövqedən çıxış edir.Elə sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Təhlükəsizlik Şuraları rəhbərlərini qəbul edərkən çox maraqlı ifadə işlətdi. O dedi ki, türk cumhuriyyətlərinin hamısı bizim vətənimizdir. Yəni təkcə Azərbaycan deyil, təkcə ayrı-ayrı respublikalar deyil, bütün respublikaları Türk dövlətlərinin vətəndaşları öz vətəni hesab etməlidir.Mənə elə gəlir ki, bundan açıq mesaj ola bilməzdi ki, Prezident İlham Əliyev bunu verdi. Ona qədər isə dəfələrlə o, çıxışlarında “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur” ifadəsini işlədib.

 

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button