
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın əhəmiyyəti getdikcə artır. Dünyada siyasi, iqtisadi, təhlükəsizlik və texnoloji proseslərin sürətlə dəyişdiyi bir vaxtda ayrı-ayrı ölkələrin qarşılıqlı əlaqələri ilə yanaşı, regional və çoxtərəfli təşkilatların fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Belə bir şəraitdə ortaq tarixi, dil və mədəni bağlara malik dövlətlərin öz aralarında daha sıx əməkdaşlıq etməsi onların beynəlxalq münasibətlər sistemində imkanlarını genişləndirən mühüm amillərdən birinə çevrilir. Türk Dövlətləri Təşkilatının son illərdə nümayiş etdirdiyi fəallıq da məhz bu prosesin mühüm nümunələrindən biridir.
2009-cu ildə hökumətlərarası təşkilat kimi yaradılan Türk Dövlətləri Təşkilatının əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Təşkilatın fəaliyyəti yalnız mədəni və humanitar əlaqələrlə məhdudlaşmır. Siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat və logistika, enerji, ticarət, təhsil, innovasiya, rəqəmsallaşma, turizm, səhiyyə, gənclər və digər istiqamətlər üzrə çoxşaxəli əməkdaşlıq mexanizmləri formalaşdırılıb. TDT-nin rəsmi məlumatlarına əsasən, təşkilat hazırda 40-dan çox sahədə çoxtərəfli əməkdaşlığı əlaqələndirir.
Bu mənzərə göstərir ki, türk dövlətləri arasında münasibətlər artıq yalnız tarixi-mədəni yaxınlıq çərçivəsində nəzərdən keçirilə bilməz. Əlaqələrin institusional xarakter alması, müxtəlif sahələr üzrə müvafiq qurumların bir araya gəlməsi və müntəzəm toplantıların keçirilməsi əməkdaşlığın praktik məzmununu genişləndirir. Belə mexanizmlər TDT-nin beynəlxalq müstəvidə daha ardıcıl fəaliyyət göstərməsinə və üzv dövlətlərin ortaq maraq doğuran məsələlər üzrə məsləhətləşmələr aparmasına imkan yaradır.
Təşkilatın beynəlxalq arenada görünürlüğünün artırılması istiqamətində atdığı addımlar da diqqət çəkir. TDT beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Təşkilatın rəsmi məlumatında qeyd olunur ki, BMT, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İnkişaf Proqramı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, BMT-Habitat, Ümumdünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarla müxtəlif əməkdaşlıq sənədləri mövcuddur. Bu əlaqələr davamlı inkişaf, iqtisadi inteqrasiya, ticarətin asanlaşdırılması, səhiyyə, nəqliyyat, kənd təsərrüfatı, təhsil və innovasiya kimi istiqamətləri əhatə edir.
Beynəlxalq təşkilatlarla qurulan əlaqələr TDT-nin fəaliyyətinin regional çərçivədən kənara çıxaraq qlobal gündəliyin müxtəlif istiqamətləri ilə əlaqələndirilməsinə şərait yaradır. Cenevrədə və Vyanada keçirilən “Türk Həftəsi” tədbirləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər türk dünyasının tarixi, mədəni və dil irsinin beynəlxalq platformalarda təqdim olunmasına imkan yaratmaqla yanaşı, TDT-nin müasir əməkdaşlıq imkanlarının da diqqətə çatdırılmasına xidmət edir.
Təşkilatın beynəlxalq əlaqələrində Avropa istiqaməti də mühüm yer tutur. TDT ilə Macarıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Birgə İş Planının hazırlanması Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından institusional imkan yaradır. Bu yanaşma TDT-nin müxtəlif regional birliklərlə dialoqa açıq olduğunu göstərir. Eyni zamanda təşkilat ASEAN, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər regional qurumlarla əlaqələrin strukturlaşdırılması üzərində də işləyir.
TDT-nin beynəlxalq mövqeyinin möhkəmlənməsində sammit diplomatiyası mühüm vasitələrdən biridir. Dövlət və hökumət başçılarının mütəmadi görüşləri zamanı yalnız ikitərəfli əlaqələr deyil, regionda və dünyada baş verən proseslər də müzakirə edilir. 2025-ci ilin oktyabrında Azərbaycanın Qəbələ şəhərində keçirilən TDT-nin 12-ci Zirvə Görüşü bunun mühüm nümunələrindən biridir. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan sammitdə siyasi məsələlərlə yanaşı, xarici siyasət, təhlükəsizlik, iqtisadiyyat və insanlararası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Qəbələ Zirvə Görüşündə “OTS+” formatının yaradılması ilə bağlı qərarın qəbul edilməsi təşkilatın xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli addım oldu. Bu format TDT-nin digər tərəfdaşlarla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığını daha çevik şəkildə qurmaq üçün mexanizm kimi nəzərdə tutulub. Həmçinin həmin sammitdə Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı qərar qəbul edilib.
Təşkilatın siyasi potensialı yalnız dövlət başçıları səviyyəsində keçirilən görüşlərlə məhdudlaşmır. Xarici işlər nazirlərinin toplantıları, yüksək vəzifəli şəxslərin komitələri, ağsaqqallar şurası və digər mexanizmlər əməkdaşlığın müxtəlif səviyyələrdə davam etdirilməsinə imkan verir. Belə çoxpilləli struktur qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə icrasına və qəbul edilmiş qərarların praktik müstəviyə keçirilməsinə xidmət edir.
2026-cı ildə Türküstanda keçirilən qeyri-rəsmi sammit də TDT-nin gündəliyində yeni texnoloji istiqamətlərin ön plana çıxdığını göstərdi. Görüş “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunmuşdu. Dövlət və hökumət başçıları ilə yanaşı, təşkilatın digər strukturlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə rəqəmsallaşma, innovasiya və yeni texnologiyaların inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Bu istiqamət xüsusilə əhəmiyyətlidir. Çünki müasir dünyada beynəlxalq nüfuz yalnız siyasi bəyanatlarla deyil, həm də iqtisadi və texnoloji imkanlarla ölçülür. Süni intellekt, rəqəmsal iqtisadiyyat, innovasiya və informasiya texnologiyaları dövlətlərin rəqabət qabiliyyətinə birbaşa təsir göstərən sahələrdir. TDT üzv və müşahidəçi dövlətlərinin bu istiqamətlərdə təcrübə mübadiləsini genişləndirməsi təşkilatın gələcək inkişaf gündəliyində yeni imkanların formalaşmasına şərait yarada bilər.
Təşkilatın iqtisadi potensialı da beynəlxalq mövqeyinin əsas dayaqlarından biridir. Türk dövlətlərinin yerləşdiyi coğrafiya Avropa ilə Asiya arasında mühüm əlaqələndirici məkanlardan birini təşkil edir. Bu ölkələrin nəqliyyat və logistika imkanlarının bir-biri ilə əlaqələndirilməsi regional ticarətin inkişafına, yükdaşımaların sürətlənməsinə və yeni iqtisadi marşrutların formalaşmasına şərait yaradır. TDT çərçivəsində nəqliyyat, gömrük, ticarətin asanlaşdırılması və rəqəmsal həllər üzrə aparılan işlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Nəqliyyat əlaqələrinin inkişafı iqtisadi göstəricilərdən daha geniş məna daşıyır. Müasir dövrdə nəqliyyat dəhlizləri dövlətlər arasında iqtisadi münasibətlərin sabitliyini və davamlılığını təmin edən əsas mexanizmlərdən biridir. Türk dövlətlərinin Avrasiya məkanında yerləşən strateji mövqeyi TDT-yə Şərqlə Qərb arasında əlaqələrin inkişafında mühüm rol oynamaq imkanı verir. Bu imkanların səmərəli şəkildə istifadəsi həm təşkilat üzvlərinin iqtisadi maraqlarına, həm də daha geniş regional əməkdaşlığa xidmət edə bilər.
Enerji sahəsində əməkdaşlıq da TDT-nin beynəlxalq əhəmiyyətini artıran istiqamətlər sırasındadır. Türk dövlətlərinin bir qismi mühüm enerji ehtiyatlarına, digər qismi isə enerji tranziti və nəqli imkanlarına malikdir. Bu potensialın əlaqələndirilməsi enerji təhlükəsizliyi, alternativ marşrutların inkişafı və regional enerji əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli perspektivlər yaradır.
Azərbaycanın TDT daxilində fəal mövqeyi də təşkilatın ümumi fəaliyyətinin inkişafında xüsusi rol oynayır. 2025-ci ildə Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündən sonra təşkilata sədrliyin Azərbaycana keçməsi Bakı üçün türk dövlətləri arasında əməkdaşlığın gündəliyinin formalaşdırılmasında əlavə imkan yaradıb. 2026-cı ilin aprelində Bakıda keçirilən TDT üzv dövlətlərinin hökumət başçıları və vitse-prezidentlərinin ikinci görüşündə Azərbaycanın sədrliyinin davam etdirilməsi və təşkilatın institusional imkanlarının gücləndirilməsi istiqamətində səyləri müsbət qiymətləndirilib.
Azərbaycanın təşkilata sədrliyi dövründə müxtəlif sahələr üzrə çoxsaylı tədbirlərin keçirilməsi də əməkdaşlığın praktiki xarakterini göstərir. 2026-cı ilin rəsmi tədbirlər təqvimində təhlükəsizlik şuraları katiblərinin, xəritəçəkmə qurumlarının, müdafiə sənayesi strukturlarının, səhiyyə, ədliyyə, gənclər və idman, əqli mülkiyyət və digər sahələr üzrə məsul şəxslərin görüşləri nəzərdə tutulub. Bu tədbirlərin müxtəlif ölkələrdə keçirilməsi təşkilat daxilində əlaqələrin institusional səviyyədə genişləndirildiyini göstərir.
TDT-nin qarşısında duran əsas vəzifələrdən biri mövcud potensialı davamlı əməkdaşlıq mexanizmlərinə çevirməkdir. Bunun üçün yalnız yüksək səviyyəli görüşlərin keçirilməsi kifayət etmir. Qəbul olunan qərarların konkret layihələrə çevrilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, elm və təhsil müəssisələrinin əməkdaşlığının artırılması, gənclərin mübadilə proqramlarının genişləndirilməsi və rəqəmsal platformaların yaradılması təşkilatın fəaliyyətinə daha böyük praktiki məzmun qazandıra bilər.
Mədəni-humanitar əlaqələr isə bütün bu proseslərin sosial dayağını təşkil edir. Ortaq tarix, dil, ədəbiyyat, musiqi, folklor və ənənələr türk xalqları arasında münasibətlərin dərinləşməsi üçün möhkəm zəmin yaradır. Lakin müasir mərhələdə mədəni yaxınlığın yalnız tədbirlər və festivallarla məhdudlaşdırılmaması, bu əlaqələrin elm, təhsil, yaradıcılıq sənayesi və informasiya texnologiyaları ilə birləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
TDT-nin beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi həm də təşkilatın qlobal gündəlikdə aktual məsələlərə münasibət bildirmək imkanlarının artması deməkdir. Sülh və təhlükəsizlik, dayanıqlı inkişaf, iqlim dəyişmələri, ərzaq təhlükəsizliyi, enerji, rəqəmsal transformasiya və humanitar məsələlər hazırda bütün dövlətlərin gündəmindədir. Türk dövlətlərinin bu sahələr üzrə təcrübə və imkanlarını bir araya gətirməsi onların beynəlxalq platformalarda daha fəal iştirakına şərait yarada bilər.
TDT-nin inkişafında “Türk Dünyası – 2040” baxışı da mühüm istiqamətverici sənəd kimi çıxış edir. Təşkilatın strateji yanaşması əməkdaşlığın uzunmüddətli perspektivdə daha sistemli və institusional şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. 2022–2026-cı illər üçün strategiya ilə birlikdə bu sənədlər təşkilatın müxtəlif istiqamətlərdə fəaliyyətinin koordinasiyası üçün əsas çərçivələrdən birini formalaşdırır.
Türk Dövlətləri Təşkilatının beynəlxalq mövqeyinin möhkəmlənməsi bir gündə baş verən proses deyil. Bu, siyasi iradə, institusional imkan, iqtisadi əməkdaşlıq, qarşılıqlı etimad və uzunmüddətli strategiyanın nəticəsində formalaşan mərhələli prosesdir. Təşkilatın son illərdə keçdiyi inkişaf yolu göstərir ki, türk dövlətləri arasında əməkdaşlıq artıq çoxsaylı sahələri əhatə edən geniş platformaya çevrilib.
Bu prosesdə əsas məsələ mövcud imkanların düzgün istiqamətləndirilməsi və ortaq layihələrin sayının artırılmasıdır. Ticarət dövriyyəsinin genişləndirilməsi, investisiya əlaqələrinin möhkəmləndirilməsi, nəqliyyat xətlərinin əlaqələndirilməsi, enerji əməkdaşlığının inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və elm-təhsil əlaqələrinin gücləndirilməsi TDT-nin beynəlxalq çəkisini daha da artıran amillər sırasında yer alır.
Bu gün Türk Dövlətləri Təşkilatı öz fəaliyyətini yalnız üzv ölkələr arasında münasibətlərin inkişafı ilə məhdudlaşdırmır. Beynəlxalq təşkilatlarla əlaqələr qurur, müxtəlif regional platformalarda əməkdaşlıq imkanlarını araşdırır, qlobal gündəliyin aktual məsələlərinə dair müzakirələrdə iştirak edir və türk dünyasının imkanlarını daha geniş auditoriyaya təqdim edir. Təşkilatın gələcək inkişafı da bu çoxşaxəli fəaliyyətin nə dərəcədə ardıcıl və praktik nəticələrə yönəldilməsindən asılı olacaq.
Türk dünyasının zəngin tarixi irsi ilə müasir iqtisadi və texnoloji imkanlarının bir araya gətirilməsi TDT üçün mühüm potensial yaradır. Bu potensialın sistemli şəkildə səfərbər edilməsi təşkilatın regional əməkdaşlıq platformasından daha geniş beynəlxalq tərəfdaşlıq mexanizminə çevrilməsinə imkan verə bilər. Hazırkı mərhələdə TDT-nin qarşısında duran əsas istiqamətlərdən biri də məhz bu imkanları real layihələr və davamlı institusional əməkdaşlıq vasitəsilə daha da inkişaf etdirməkdir.
Nəbi Sadıqov ,
YAP Xətai rayon təşkilatının fəalı



