AnalitikaGündəmSiyasət

Bakının mənəvi missiyası: tarixdən gələcəyə, Türk dünyasından İslam həmrəyliyinə

 Azərbaycanın paytaxtı Bakı son illərdə yalnız siyasi və iqtisadi mərkəz kimi deyil, həm də beynəlxalq dialoqun, mədəniyyətlərarası münasibətlərin və mənəvi əməkdaşlığın mühüm ünvanlarından biri kimi tanınır. Dünyanın müxtəlif ölkələrindən dövlət, din, elm və mədəniyyət nümayəndələrinin Bakıda toplaşması artıq ənənəyə çevrilib. Bu baxımdan hazırda paytaxtımızda keçirilən iki mühüm hadisə – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviə həsr olunmuş beynəlxalq konfrans bir-birini tamamlayır. Birində müasir dövrün dini və mənəvi çağırışları müzakirə edilir, digərində isə əsrlər əvvəl yaşamış dahi mütəfəkkirin insanlığa miras qoyduğu irs araşdırılır. Bakı bununla həm keçmişin mənəvi irsini, həm də bu günün aktual məsələlərini eyni məkanda birləşdirən şəhər kimi çıxış edir.

 Bu mənzərə dərin məna daşıyır. Azərbaycan tarixi yalnız dövlətlərin və müharibələrin tarixi deyil, həm də böyük fikir adamlarının, şairlərin, filosofların yaratdığı nəhəng mənəvi dünyadır. Bu zəngin irs bu gün ölkəmizin beynəlxalq əlaqələrinin mühüm dayağıdır.

 Türk dünyası yalnız ortaq dil və tarixlə məhdudlaşmır. Əsrlər boyu formalaşmış ortaq mədəniyyət, ədəbiyyat və mənəvi dəyərlər onu bütöv edir. Dini liderlərin görüşləri bu mənəvi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Tədbirlərə Türk dünyası ilə yanaşı, digər regionlardan dini rəhbərlərin qatılması isə dialoqun coğrafiyasını genişləndirir.

 Bu gün dünyada siyasi, dini və sosial qarşıdurmaların artdığı bir dövrdə belə dialoqa ehtiyac daha böyükdür. Dini liderlərin cəmiyyətə çatdırdığı sülh, mərhəmət, ədalət və qarşılıqlı hörmət mesajları milyonlarla insana təsir edir.

Azərbaycanın bu prosesdə xüsusi mövqeyi onun tarixi və coğrafi yerindən qaynaqlanır. Ölkəmiz həm Türk dünyasının bir hissəsi, həm də Qafqazın mühüm dövləti olaraq müxtəlif mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşir. Qafqaz Albaniyası, Atabəylər və digər dövlətçilik ənənələri, Qəbələ, Naxçıvan, Gəncə, Şamaxı, Şuşa və Bakı kimi şəhərlər bu zəngin tarixin canlı şahididir.

 Bakıda keçirilən tədbirlərin mühüm hissəsi iştirakçıların Qarabağa səfəridir. Qarabağ Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda dirçəliş səhifəsidir. Uzun illər işğal nəticəsində dağıdılmış Ağdam, Xocalı, Şuşa kimi şəhərlərə səfər xarici qonaqlara həm müharibənin izlərini, həm də böyük quruculuq işlərini görməyə imkan verir.

 Xüsusilə Ağdamın timsalında dağıntıdan dirçəlişə keçid aydın görünür. Yeni yollar, yaşayış məhəllələri və infrastrukturla yanaşı, dini-mədəni irsin bərpası da diqqət mərkəzindədir. Ağdam məscidinin bərpası, Şuşada yeni məscidin inşası göstərir ki, Qarabağın dirçəldilməsi yalnız tikinti deyil, həm də mənəvi yaddaşın və mədəni kimliyin bərpasıdır.

 Xocalı isə xalqımızın yaddaşında xüsusi yer tutur. Tarixi yaddaş gələcəyə düşmənçilik ötürmək üçün deyil, faciələrin bir daha təkrarlanmaması üçün qorunmalıdır.

Beləliklə, Azərbaycanın tarixi və müasirliyi bu gün Bakıda qovuşur. Əsrlər əvvəlki mütəfəkkirlərin irsi müzakirə olunur, Türk və İslam dünyasının dini rəhbərləri ortaq məsələlər ətrafında bir araya gəlir, Qarabağda isə yeni həyat qurulur. Bu mənzərə Azərbaycanın keçmişi ilə fəxr edib, ondan güc alaraq gələcəyə addımlayan bir ölkə olduğunu təsdiqləyir.

 Bakının ev sahibliyi etdiyi bu tədbirlər həmin mənəvi yolun növbəti şərəfli səhifəsidir.

Cavid Cəfərzadə,
Xəzər rayonu Hatəm İskəndərov adına 206 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Oxşar Xəbərlər

Back to top button