AnalitikaGündəmSiyasət

Sülh prosesinə qarşı yönələn zərərli faktorlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11–12-də işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri ölkəmizdə aparılan bərpa-quruculuq işlərinin, tarixi və dini irsin qorunması istiqamətində görülən tədbirlərin beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunması baxımından əhəmiyyətli hadisədir.

Səfər çərçivəsində diplomatların Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə tanış olması, müxtəlif tarixi və dini abidələri ziyarət etməsi Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqları yerində müşahidə etmək imkanı yaradıb. Belə səfərlər bölgədəki vəziyyət barədə obyektiv təsəvvürlərin formalaşmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edir.

Lakin Ermənistan mediasında səfərlə bağlı yayılan bəzi materiallar göstərir ki, bu ölkənin müəyyən dairələrində Azərbaycanın yaratdığı yeni reallıqlara münasibət hələ də siyasi qarşıdurma və ittihamlar üzərində qurulur. Diplomatik nümayəndələrin Azərbaycanın suveren ərazisinə səfərinin siyasi manipulyasiya predmetinə çevrilməsi, tarixi məsələlərin birtərəfli təqdim olunması və xarici diplomatların hədəfə alınması konstruktiv yanaşma təsiri bağışlamır.

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində suverenliyini tam bərpa edib. Bu reallıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı beynəlxalq hüququn əsas prinsipləri ilə uzlaşır.

Azərbaycanın ərazisində fəaliyyət göstərən diplomatik nümayəndələrin ölkənin müxtəlif bölgələrinə səfər etməsi onun daxili və suveren hüquqlarına aiddir. Bu səfərlərin Ermənistanın siyasi dairələrinin mövqeyindən asılı məsələ kimi təqdim edilməsi qəbuledilməzdir. Əksinə, diplomatların bölgəyə səfəri onların hadisələri və aparılan işləri yerində görməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tarixi və mədəni irs məsələsi də bu kontekstdə xüsusi diqqət tələb edir. Azərbaycan öz ərazisində yerləşən müxtəlif dini və mədəni abidələrin qorunmasına, bərpasına və gələcək nəsillərə çatdırılmasına məsuliyyətlə yanaşdığını bəyan edir. Gəncəsər və Xudavəng kimi tarixi-dini məkanlarla bağlı müzakirələrə yanaşarkən də irsin qorunması, elmi araşdırmalar və beynəlxalq hüququn prinsipləri əsas götürülməlidir.

Qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi. Səfər çərçivəsində diplomatlar ərazilərə baxış keçirilib, “İstisu” mineral sudoldurma zavodunda olub, Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak edib və ərazidəki abidələrlə tanış olublar. Diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksinə və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksinə səfəri də xüsusi diqqət çəkdi. Qonaqları müşayiət edən Prezidentin köməkçisi Hikmət Hacıyev bu komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi və dini abidələr olması barədə ətraflı məlumat verdi.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button