AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub

1923-cü ildə şəhər statusu alan və 1930-cu ildə inzibati ərazi vahidi kimi formalaşan Laçın rayonu zəngin meşə massivləri, əvəzsiz yaylaqları və mühüm coğrafi mövqeyi ilə hər zaman Azərbaycanın strateji qalalarından biri olmuşdur. Lakin 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bölgə üçün böyük fəlakətə yol açdı. AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi və çirkin siyasi oyunları nəticəsində təhvil verilən Laçının itirilməsi düşmənə coğrafi əlaqə yaradaraq növbəti itkilərimizin başlanğıcını qoydu. İşğal illərində Laçın etnik təmizləməyə, kütləvi vandalizmə, təbii resurslarının talan olunmasına və Cenevrə konvensiyalarına zidd olaraq qanunsuz məskunlaşma siyasətinə maruz qaldı.

Tarixi Ədalətin Təntənəsi və Zəfər. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə və imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə rəşadət göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi təsis olundu.

Böyük Qayıdış və Müasir İnkişaf Modeli. 2023-cü il mayın 28-dən etibarən başlayan Böyük Qayıdış çərçivəsində yüzlərlə laçınlı ailə 31 illik həsrətdən sonra öz doğma ocaqlarına qayıtmışdır. Laçın şəhəri ilə yanaşı Zabux, Sus və Bəylik kəndlərində tam infrastruktur yaradılmış, müasir məktəblər, uşaq bağçaları, tibb məntəqələri və sosial obyektlər sakinlərə təhvil verilmişdir.

2025-ci ildə təsdiqlənən Baş Plan əsasında tətbiq edilən “15 dəqiqəlik şəhər” prinsipi sakinlərin rahatlığını maksimum təmin edir. Eyni zamanda Laçın “yaşıl enerji” zonasına çevrilmişdir; rayonun elektrik tələbatı Hoçaz çayı və Zabux çayı üzərində bərpa olunan və yenidən tikilən su elektrik stansiyaları (“Güləbird”, “Ağbulaq”, “Mişni”, “Alxaslı”, “Aşağı Malıbəyli”, “Mirik” və s.) hesabına tamamilə ekoloji təmiz mənbələrdən ödənilir. 100 milyon kubmetrlik “Həkəriçay” su anbarının inşası isə təkcə Laçının deyil, ətraf 7 rayonun 700 mindən çox sakininin içməli su təminatını köklü şəkildə yaxşılaşdıracaqdır.

Laçın bu gün həm də sənaye və turizm mərkəzi kimi yenidən doğulur: Sənaye və Məşğulluq: “Laçın Aqro-Sənaye Parkı”, mebel və tikiş fabrikiləri, ayaqqabı istehsalı, həmçinin “Həkəri Balıq Təsərrüfatı” yerli sakinləri daimi iş yerləri ilə təmin edir. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən, 2025-ci ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı və mürəkkəb tunellərlə təchiz olunan Kəlbəcər-Laçın magistral yolu regionun beynəlxalq statusunu yüksəldir.

2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilən Laçın şəhəri “Hoçazfilm” studiyası, çaykənarı bulvarı, kanat xətti və “Laçın” İstirahət Kompleksi ilə bölgənin vizit kartına çevrilmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, gözəl təbiəti, əzəmətli dağları və zövqlə tikilən müasir binaları ilə Laçın bu gün Azərbaycanın əldə etdiyi böyük uğurların və dirçəlişin canlı rəmzidir.

Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button