
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, milli-mədəni yaxınlıq, qarşılıqlı hörmət və etimad üzərində formalaşan xüsusi əlaqələr sistemidir. İki dövlət arasındakı tərəfdaşlığın mühüm üstünlüyü ondan ibarətdir ki, bu münasibətlər yalnız siyasi maraqlarla məhdudlaşmır. Xalqlar arasında mövcud olan mənəvi bağlar dövlətlərarası əməkdaşlığın möhkəm dayaqlarından birini təşkil edir. Eyni zamanda, qarşılıqlı iqtisadi maraqlar, investisiya layihələri, humanitar təşəbbüslər və regional əməkdaşlıq imkanları əlaqələrin maddi əsaslarını daha da gücləndirir.
Azərbaycan və Özbəkistan arasında mövcud olan münasibətlərin bu iki istiqaməti – mənəvi yaxınlıq və iqtisadi-praktik əməkdaşlıq – bir-birini tamamlayır. Dünya siyasətində dövlətlər arasında bu cür harmoniyanın geniş miqyasda formalaşması o qədər də geniş yayılmış hal deyil. Bakı ilə Daşkəndin münasibətlərində isə tarixi və mədəni bağlılıq müasir dövrün siyasi və iqtisadi çağırışları ilə uzlaşır. Bu amil iki ölkənin birgə fəaliyyətinin davamlı xarakter daşımasına şərait yaradır.
Azərbaycan və Özbəkistan rəhbərlərinin qarşılıqlı münasibətlərə verdiyi əhəmiyyət əlaqələrin inkişafında xüsusi rol oynayır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad mühitində müxtəlif istiqamətlər üzrə yeni təşəbbüslər meydana çıxır. Dövlət başçıları arasında keçirilən görüşlər zamanı müzakirə olunan məsələlər yalnız cari problemlərin həllinə deyil, gələcəyə hesablanmış layihələrin hazırlanmasına da yönəlir. Bu yanaşma ölkələr arasında əməkdaşlığın daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinə imkan verir.
Hər iki hökumətin əsas prioritetlərindən biri iqtisadi inkişafın təmin olunması, əhalinin rifahının yüksəldilməsi və yeni sosial imkanların yaradılmasıdır. Dövlətlərin öz iqtisadi potensiallarını birləşdirməsi, təcrübə mübadiləsi aparması və sərmayə imkanlarından qarşılıqlı faydalanması ümumi inkişaf məqsədlərinə xidmət edir. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli deyil, regional əhəmiyyəti də artır.
Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində göstərdiyi dəstək iki ölkə arasındakı münasibətlərin mənəvi ölçüsünü nümayiş etdirən mühüm nümunələrdəndir. Prezident Şavkat Mirziyoyevin Qarabağın dirçəldilməsinə sərmayələrin cəlb olunması və bərpa prosesinə dəstək verilməsi istiqamətindəki mövqeyi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Özbəkistanın bu prosesə qoşulması dost və qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən quruculuq işlərinə verdiyi töhfənin göstəricisidir.
Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşası bu əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Məktəbin yaradılması yalnız təhsil infrastrukturu layihəsi kimi qiymətləndirilə bilməz. Bu təşəbbüs Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi bağların yeni nəsillərə ötürülməsinə xidmət edən mühüm humanitar addımdır. Təhsil ocağının Füzulidə yaradılması azad edilmiş ərazilərin bərpası prosesinə beynəlxalq və regional tərəfdaşların cəlb olunmasının uğurlu nümunəsi kimi də diqqət çəkir.
Füzuli məktəbi eyni zamanda Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. Müasir məktəb infrastrukturu ilə yanaşı, burada iki xalqın tarixinin, mədəniyyətinin və ortaq dəyərlərinin tanıdılması üçün də əlverişli zəmin mövcuddur. Belə layihələr uşaqların gələcəkdə Azərbaycan-Özbəkistan dostluğunun daşıyıcılarına çevrilməsinə mühüm töhfə verə bilər.
Xankəndidə tikiş fabrikinə Özbəkistan investisiyalarının yönəldilməsi də iqtisadi əməkdaşlığın Qarabağda yeni mərhələyə qədəm qoyduğunu göstərir. İşğaldan azad olunmuş ərazilərdə sənaye müəssisələrinin yaradılması həmin bölgələrin iqtisadi potensialının bərpası baxımından mühüm əhəmiyyət daşıyır. İstehsal sahələrinin qurulması yeni iş yerlərinin açılmasına, yerli iqtisadi fəallığın artmasına və əhalinin doğma yurdlarına qayıdış prosesinin sosial-iqtisadi əsaslarının möhkəmlənməsinə şərait yaradır.
İki ölkə arasındakı əməkdaşlıq çərçivəsində ilk böyük sənaye müəssisəsinin Özbəkistanla əlaqəli olması xüsusi əhəmiyyət daşıyır. Bu fakt Daşkəndin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq proqramına real töhfə verdiyini göstərir. Qarabağda sənaye potensialının yaradılması ilə yanaşı, Özbəkistanın təcrübəsi və istehsal imkanlarından istifadə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində yeni əməkdaşlıq formatlarının yaranmasına stimul verir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Burada müasir şəhərsalma, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm və digər sahələri əhatə edən kompleks inkişaf modeli formalaşdırılır. Özbəkistanın bu prosesdə iştirakı Azərbaycanla qurduğu tərəfdaşlığın real məzmununu daha aydın göstərir. Birgə təşəbbüslərin artması regionun sosial və iqtisadi dirçəlişinə əlavə imkanlar yaradır.
Qarabağla yanaşı, Azərbaycanın digər bölgələrində də Özbəkistanla birgə fəaliyyət üçün geniş perspektivlər mövcuddur. Müxtəlif sahələr üzrə hazırlanan yeni planlar iqtisadi əlaqələrin coğrafiyasının genişlənəcəyindən xəbər verir. Sənaye və kənd təsərrüfatından tutmuş xidmət sektoru və turizmə qədər müxtəlif istiqamətlərdə həyata keçirilə biləcək təşəbbüslər iki ölkənin biznes dairələri üçün yeni imkanlar formalaşdırır.
Bu əməkdaşlığın mühüm cəhətlərindən biri layihələrin yalnız milli çərçivədə qalmaması, regional xarakter daşıyan təşəbbüslərlə tamamlanmasıdır. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin inkişafında mühüm tərəfdaşlara çevirir. Nəqliyyat dəhlizlərinin inkişafı, ticarət marşrutlarının genişləndirilməsi və logistika imkanlarının artırılması hər iki dövlətin iqtisadi maraqlarına uyğundur.
Nəbi Sadiqov,
YAP Xətai Rayon Təşkilatının fəalı



