
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dinamik inkişaf edən və qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlıq modeli kimi diqqəti cəlb edir. İki ölkə arasındakı əlaqələrin mühüm istiqamətlərindən birini iqtisadi əməkdaşlıq təşkil edir. Hazırda Bakı ilə Daşkənd arasında həyata keçirilən təşəbbüslər yalnız ayrı-ayrı sahələrlə məhdudlaşmır, iqtisadiyyatın müxtəlif sektorlarını əhatə edən genişmiqyaslı əməkdaşlıq sisteminin formalaşdığını göstərir. Energetika, nəqliyyat, investisiya, turizm, sənaye, kənd təsərrüfatı, dağ-mədən, bankçılıq və digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət iki dövlətin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan yaradır.
Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı mərhələsinin əsas xüsusiyyətlərindən biri iqtisadi əlaqələrin konkret layihələrlə zənginləşməsidir. Dövlət başçıları səviyyəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar qarşılıqlı ticarətin genişləndirilməsi ilə yanaşı, istehsal, xidmət, nəqliyyat-logistika və investisiya imkanlarının artırılmasına yönəlib. Hər iki ölkənin əlverişli coğrafi mövqeyi iqtisadi əməkdaşlığın regional əhəmiyyətini də yüksəldir. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən mühüm nəqliyyat qovşaqlarından biri olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik dövlətlərindən biri kimi geniş imkanlar təqdim edir.
İqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan və Özbəkistanın bu sahədə əməkdaşlığı ənənəvi enerji resursları ilə yanaşı, yeni texnologiyaların tətbiqi və gələcək perspektivli layihələrin reallaşdırılması baxımından da əhəmiyyətlidir. Tərəflərin neft-qaz kəşfiyyatı üzrə birgə fəaliyyəti qarşılıqlı maraqların konkret layihələrdə ifadəsidir. Kəşfiyyat işlərinin uğurlu nəticələr verməsi gələcəkdə istismar quyularının qazılmasına və enerji sahəsində yeni mərhələnin başlanmasına şərait yarada bilər. Bu istiqamətdə görülən işlər iki ölkənin enerji şirkətləri arasında təcrübə və texnoloji imkanların mübadiləsini də stimullaşdırır.
Azərbaycanın enerji sektorunda formalaşdırdığı təcrübə ilə Özbəkistanın zəngin resurs potensialının uzlaşdırılması qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər yaradır. SOCAR-ın Özbəkistan bazarında fəaliyyət imkanlarının genişlənməsi də bu baxımdan diqqətəlayiqdir. Şirkətin pərakəndə satış bazarına daxil olması Azərbaycan kapitalının və enerji sektorunda formalaşmış idarəçilik təcrübəsinin Özbəkistan iqtisadiyyatında daha geniş şəkildə təmsil olunmasına imkan verir. Bu proses iki ölkənin biznes subyektləri arasında əlaqələrin möhkəmlənməsinə və yeni kommersiya təşəbbüslərinin meydana çıxmasına təkan verir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan ilə Özbəkistan arasında yükdaşımaların və tranzit imkanlarının artırılması yalnız iki ölkənin ticarət əlaqələrinə deyil, daha geniş regional iqtisadi inteqrasiyaya xidmət edir. Orta Dəhliz üzrə artan imkanlar Mərkəzi Asiyanın məhsullarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasını asanlaşdırır. Bu marşrutun inkişafı daşınma müddətinin optimallaşdırılması, yeni logistika mərkəzlərinin yaradılması və ticarət dövriyyəsinin yüksəldilməsi üçün əlverişli şərait formalaşdırır.
İnvestisiya əməkdaşlığı iqtisadi münasibətlərin digər mühüm istiqamətidir. Qarşılıqlı sərmayələrin artırılması yeni müəssisələrin yaradılmasına, istehsal güclərinin genişləndirilməsinə və məşğulluğun yüksəldilməsinə imkan verir. Azərbaycan və Özbəkistan arasında birgə layihələrin həyata keçirilməsi dövlətlərarası əlaqələri biznes müstəvisində də möhkəmləndirir. İnvestorlar üçün yaradılan əlverişli mühit iki ölkənin özəl sektor nümayəndələrinin daha fəal əməkdaşlıq etməsinə imkan verir.
Sənaye sahəsində qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Avtomobil sənayesi üzrə birgə layihələr texnoloji əməkdaşlığın genişləndirilməsi, istehsal imkanlarının artırılması və müasir sənaye məhsullarının yaradılması baxımından mühüm addımlardır. Belə təşəbbüslər yalnız hazır məhsul istehsalına deyil, eyni zamanda yerli komponentlərin hazırlanmasına, kadr potensialının inkişafına və sənaye kooperasiyasının gücləndirilməsinə şərait yaradır. Bu isə iqtisadi əlaqələrin daha dayanıqlı əsaslar üzərində qurulmasına kömək edir.
Kənd təsərrüfatı və emal sənayesi üzrə tərəfdaşlıq da böyük potensiala malikdir. Hər iki dövlət aqrar sahədə geniş təcrübəyə sahibdir və mövcud imkanların birgə istifadəsi məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və ərzaq emalı sənayesinin inkişafı baxımından faydalı nəticələr verə bilər. Aqrar məhsulların istehsalı ilə yanaşı, onların emalı, qablaşdırılması və ixracının təşkili əlavə dəyərin yüksəldilməsinə imkan verir. Bu sahədə birgə müəssisələrin yaradılması iqtisadi əlaqələrin daha konkret və uzunmüddətli xarakter almasına şərait yaradır.
Dağ-mədən sektorunda əməkdaşlıq da Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının yeni istiqamətlərindən biri kimi diqqət çəkir. Bu sahədə texniki biliklərin, müasir avadanlıqların və idarəetmə təcrübəsinin qarşılıqlı şəkildə tətbiqi faydalı nəticələr doğura bilər. Təbii ehtiyatların səmərəli istifadəsi, emal imkanlarının genişləndirilməsi və yeni investisiya layihələrinin hazırlanması hər iki tərəfin iqtisadi maraqlarına uyğundur.
Maliyyə və bankçılıq sahəsində əlaqələrin genişlənməsi isə iqtisadi münasibətlərin institusional əsaslarını möhkəmləndirir. Azərbaycanın aparıcı banklarından birinin Özbəkistan bazarına daxil olması iki ölkənin maliyyə sistemləri arasında əlaqələrin inkişafına mühüm töhfədir. Bank sektorunda əməkdaşlığın güclənməsi sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıra, qarşılıqlı investisiya layihələrinin maliyyələşdirilməsinə yeni imkanlar aça bilər. Bu proses iqtisadi tərəfdaşlığın yalnız dövlətlərarası səviyyədə deyil, özəl biznes müstəvisində də dərinləşdiyini göstərir.
Turizm sektoru da Azərbaycan-Özbəkistan əlaqələrinin iqtisadi və humanitar ölçülərini birləşdirən mühüm istiqamətdir. Azərbaycan və Özbəkistan zəngin tarixi-mədəni irsə, qədim şəhərlərə, milli mətbəxə və müxtəlif turizm imkanlarına malikdir. Qarşılıqlı turist səfərlərinin artması xidmət sektorunun inkişafına, yeni iş yerlərinin yaranmasına və sahibkarlıq fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərə bilər.
Mələk Mahmudlu,
YAP Xətai Rayon Təşkilatının fəalı



