AnalitikaGündəmSiyasət

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ

Müasir beynəlxalq münasibətlər sistemində qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni iqtisadi və siyasi əməkdaşlıq formatlarının formalaşdığı bir dövrdə Türk dünyasının inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Tarixi köklərə, ortaq mədəniyyətə, dilə və milli-mənəvi dəyərlərə söykənən bu inteqrasiya artıq yalnız ideoloji yanaşma deyil, real siyasi və iqtisadi əməkdaşlıq modelinə çevrilməkdədir. Məhz belə bir dövrdə Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstan Respublikasına dövlət səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanat mühüm siyasi hadisə kimi tarixə yazıldı.

Ölkə Başçısının bu səfəri bir daha göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat zamanı səsləndirdiyi fikirlərdən aydın görünür ki, iki ölkə arasında əməkdaşlıq artıq ənənəvi diplomatik münasibətlərin sərhədlərini aşaraq iqtisadi, nəqliyyat, investisiya, enerji, təhsil, turizm və humanitar sahələri əhatə edən geniş tərəfdaşlıq modelinə çevrilib.

Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizi regionun etibarlı tərəfdaşı və mühüm geosiyasi aktoruna çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən çoxşaxəli diplomatiya Azərbaycanın həm Cənubi Qafqazda, həm də Türk dünyasında mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün Bakı yalnız regional təşəbbüslərin iştirakçısı deyil, eyni zamanda onların müəllifidir.

Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Dövlət başçısı qeyd etdi ki, bundan sonra da Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda, iqtisadi-ticari əlaqələrin inkişafında, regional təhlükəsizliyin möhkəmləndirilməsində və bütün qarşılıqlı təşəbbüslərdə bir-birini dəstəkləyəcək. Bu yanaşma iki ölkə arasında mövcud olan etibarlı siyasi dialoqun daha da möhkəmləndiyini göstərir.

Səfər zamanı imzalanan sənədlər paketi əməkdaşlığın geniş spektrini əhatə edir. Siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, təhsil, mədəniyyət və humanitar sahələr üzrə əldə olunan razılaşmalar qarşılıqlı əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi baza formalaşdırır.

Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsi oldu. Bu sənəd Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirərək siyasi dialoqun, iqtisadi inteqrasiyanın, nəqliyyat və logistika layihələrinin, enerji təhlükəsizliyinin və humanitar əlaqələrin daha da genişləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycanın xarici siyasətində türk dünyası ilə əməkdaşlıq əsas prioritet istiqamətlərdən biridir. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, investisiya imkanlarının artırılması, humanitar layihələrin genişləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan–Qırğızıstan əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəldərək bütövlükdə türk dünyasının həmrəyliyinə və regionda sabitliyə mühüm töhfə verir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button