AnalitikaGündəmSiyasət

Azərbaycan dili – milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi irsimizin əsas dayağı

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dövlət dilinə hörmətin daha da gücləndirilməsi və ana dilimizin gələcək nəsillərə saf şəkildə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını və milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olmuşdur.

Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. Sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırıldığı mürəkkəb siyasi şəraitdə belə, Ulu Öndər ana dilinin müdafiəsi naminə qətiyyətli mövqe nümayiş etdirmiş, Azərbaycan dilinin dövlət dili statusunun təmin olunması uğrunda ardıcıl mübarizə aparmışdır. Məhz onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilmiş və bu tarixi qərar gələcək müstəqillik dövrünün mühüm hüquqi əsaslarından birinə çevrilmişdir.

Müstəqillik illərində də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Ardınca qəbul olunan qanunlar, fərmanlar və dövlət proqramları ana dilimizin qorunmasına, tətbiq dairəsinin genişləndirilməsinə və zənginləşdirilməsinə xidmət etdi. Bu sənədlər Azərbaycan dilinin müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olduğunu bir daha təsdiqlədi.

2001-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla hər il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması qərara alındı. Eyni zamanda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dilinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı oldu və bu sahədə sistemli fəaliyyətin əsasını qoydu.

Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar nəticəsində Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, dilçiliyin inkişafı, orfoqrafiya normalarının təkmilləşdirilməsi və dövlət dilinin saflığının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Son illərdə qəbul edilən qərarlar Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, onun milli-mənəvi dəyər kimi qorunmasına xidmət edir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini xalqın milli varlığının əsas göstəricisi hesab edirdi. Onun “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan dili olduqca zəngin dildir və onun saflığının qorunması hər bir vətəndaşın borcudur. Bu çağırışlar dövlət dilinə münasibətin yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət məsələsi olduğunu göstərir.

Qloballaşma şəraitində müxtəlif dillərin təsiri artsa da, Azərbaycan dilinin zənginliyi, ifadə imkanları və elmi potensialı onun bütün sahələrdə uğurla tətbiqinə imkan verir. Xüsusilə media, təhsil, elm və informasiya texnologiyaları sahəsində dövlət dilinin düzgün istifadəsi milli kimliyimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Ana dilinə hörmət, ilk növbədə, onu düzgün danışmaq, düzgün yazmaq və gələcək nəsillərə olduğu kimi ötürməkdən başlayır.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button