AnalitikaGündəmSiyasət

Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığın yeni mərhələsi

Son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, şəffaf idarəetmə mexanizmlərinin tətbiqi və investisiyaların qorunmasına yönəlmiş hüquqi baza Almaniya şirkətlərinin Azərbaycana marağını daha da artırıb. Bu gün müxtəlif Almaniya şirkətləri ölkəmizdə sənaye, energetika, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti ölkəmizdə yaradılmış sağlam investisiya mühitinin göstəricisidir. Xarici investorların hüquqlarının etibarlı şəkildə qorunması, dövlət tərəfindən göstərilən dəstək və sabit siyasi mühit beynəlxalq biznes dairələrinin Azərbaycana olan inamını daha da gücləndirir.

Almaniyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın zəngin iqtisadi potensialının birləşdirilməsi hər iki ölkə üçün qarşılıqlı fayda verən nəticələr ortaya qoyur. Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanınır. Hazırda isə əməkdaşlıq yalnız ənənəvi enerji ilə məhdudlaşmır. Bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji layihələri və enerji səmərəliliyinin artırılması istiqamətində də yeni əməkdaşlıq imkanları yaranır. Almaniyanın bu sahədə malik olduğu qabaqcıl texnologiyalar Azərbaycanın həyata keçirdiyi “yaşıl enerji” strategiyası ilə üst-üstə düşür.

Nəqliyyat və logistika sahəsində də iki ölkənin maraqları üst-üstə düşür. Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqe ölkəmizi Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağına çevirib. Orta Dəhlizin inkişafı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir liman infrastrukturu və beynəlxalq nəqliyyat marşrutları Almaniya şirkətlərinin yükdaşımalar və logistika sahəsində əməkdaşlığını genişləndirmək üçün əlverişli imkanlar yaradır.

Sənaye zonalarının və sənaye parklarının yaradılması da Almaniya investorları üçün cəlbedici imkanlardandır. Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında tətbiq olunan vergi və gömrük güzəştləri, müasir infrastruktur və dövlət dəstəyi istehsal müəssisələrinin yaradılmasına əlverişli şərait formalaşdırır. Almaniya şirkətlərinin yüksək texnologiyalı istehsal sahələrinə investisiya yatırması ölkəmizdə innovativ sənayenin inkişafına mühüm töhfə verə bilər.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində aparılan danışıqlar göstərdi ki, iki ölkə arasında iqtisadi münasibətlər yalnız mövcud layihələrlə məhdudlaşmır. Əksinə, qarşılıqlı maraqlara əsaslanan yeni investisiya layihələri, sənaye kooperasiyası, innovasiya, alternativ enerji və yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button